Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib
Buxarest, 29 sentyabr, AZƏRTAC
Buxarestdə Cənub-Şərqi Avropanın biznes, texnologiya, investisiya və innovasiya gündəminə həsr olunan “Impact SEE 2026” beynəlxalq forumu işə başlayıb.
AZƏRTAC Rumıniya mediasına istinadən xəbər verir ki, tədbir 2500-dən çox iştirakçını və təxminən 200 beynəlxalq spikeri bir araya gətirir. Forumda biznes, texnologiya, dövlət siyasəti, mədəniyyət və elm sahələrinin nümayəndələri iştirak edirlər.
Tədbirin proqramı səkkiz əsas istiqaməti - süni intellekt və kibertəhlükəsizlik, qlobal iqtisadiyyat və bank sektoru, investisiyalar və startaplar, yaşıl iqtisadiyyat, liderlik və mədəniyyət mövzularını əhatə edir.
Forumun iqtisadi proqramında Cənub-Şərqi Avropanın gələcək artım mənbələri, regionun rəqabət qabiliyyətinin yüksəldilməsi, investisiyaların təşviqi, kapital və istedadların cəlb edilməsi məsələləri müzakirə olunur. Rumıniyanın maliyyə və iqtisadiyyat sahəsinə cavabdeh rəsmiləri, Avropa institutlarının nümayəndələri, regional mərkəzi bankların rəhbərləri və iri beynəlxalq şirkətlərin menecerləri diskussiyalara qatılırlar.
Süni intellekt forumun əsas mövzularından biridir. İştirakçılar AI texnologiyalarının şirkətlərin gündəlik fəaliyyətinə inteqrasiyası, onların bank və rəqəmsal ticarətdə tətbiqi, kibertəhlükəsizlik və Avropanın süni intellekt sahəsində qlobal rəqabət qabiliyyətini müzakirə edirlər.Tədbirdə, həmçinin Cənub-Şərqi Avropada startap ekosisteminin inkişafı, şirkətlərin maliyyələşməyə çıxışı, turizm və şəhər mobilliyi, yaşıl iqtisadiyyat və yaradıcı sənayelərin regional inkişafdakı rolu diqqət mərkəzindədir.
Təşkilatçıların məlumatına görə, forumun məqsədlərindən biri Cənub-Şərqi Avropa şirkətlərinin beynəlxalq investorlar və tərəfdaşlarla əlaqələrini genişləndirmək, xarici şirkətlər üçün isə region bazarlarına çıxışı asanlaşdırmaqdır.