Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
Bakı, 29 sentyabr, AZƏRTAC
Tarix boyu xalqlar öz keçmişlərini, qəhrəmanlıqlarını, itkilərini və qürur duyduqları hadisələri yaşatmaq üçün abidələr ucaldıb, memorial komplekslər yaradıb, muzeylər inşa ediblər. Zaman keçdikcə bu məkanlar daşdan və memarlıq elementlərindən ibarət tikililər olmaqdan çıxaraq xalqın mənəvi dünyasının, kollektiv yaddaşının və milli kimliyinin ayrılmaz hissəsinə çevrilib. Memarlığın gücü də məhz bundadır: o, keçmişi qorumaqla yanaşı, onu insanın gündəlik həyatına, şəhərin quruluşuna və cəmiyyətin yaddaşına daxil edir. Bu mənada memorial memarlıq keçmişlə gələcək arasında qurulan səssiz, lakin möhkəm körpüdür.
Azərbaycan xalqının yaxın tarixində xüsusi yer tutan Vətən müharibəsi və onun nəticəsində qazanılmış tarixi Zəfər də milli yaddaşımızda əbədi yaşayacaq hadisələrdəndir. Bu Zəfərin arxasında dayanan qəhrəmanlıq, fədakarlıq və şəhidlərimizin müqəddəs xatirəsi yazılı tarixlə yanaşı, memarlıqda, incəsənətdə, ədəbiyyatda və ictimai məkanlarda da öz əksini tapmalıdır. Çünki şəhidlərin xatirəsini yaşatmaq onların adlarını ehtiramla yad etməklə bitmir. Bu, onların uğrunda canlarından keçdikləri Vətənin tarixini, mədəniyyətini və mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq deməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin Daşınar mədəni irsin qorunması və arxeoloji tədqiqatlara nəzarət sektorunun müdiri Seyran Quliyevin “Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunması: dağıntılardan yaddaşın bərpasına
2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilməklə yanaşı, xalqımızın əsrlər boyu yaratdığı zəngin maddi mədəni irs nümunələri də işğaldan azad olundu.
Ölkəmiz dünyada nadir dövlətlərdəndir ki, mədəni irsin qorunması tədbirlərinə hərbi əməliyyatlar davam etdiyi dövrdə başlamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən, həmin il noyabrın 3-dən etibarən Mədəniyyət Nazirliyi və onun yanında fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə ilkin monitorinq və inventarlaşdırma işləri həyata keçirildi. 2023-cü ildə isə inventarlaşdırma işlərinin ikinci mərhələsinə keçildi.
Monitorinqlər zamanı əldə olunan məlumatların ilkin qiymətləndirilməsi göstərdi ki, işğal dövründə ərazilərdəki mədəni irs nümunələrinin böyük əksəriyyəti dağıntılara, talanlara, yanğınlara və müxtəlif vandalizm aktlarına məruz qalmışdır. Dini və mənəvi baxımdan mühüm əhəmiyyət daşıyan məscidlər, kilsələr, türbələr və qəbiristanlıqlar təhqiramiz hərəkətlərin hədəfinə çevrilmiş, bəzi ibadət yerlərindən tövlə kimi istifadə olunmuş, bir sıra abidələrin memarlıq xüsusiyyətləri məqsədyönlü şəkildə dəyişdirilmişdir. Tarixi abidələrin ərazilərindən hərbi məqsədlərlə istifadə edilməsi, arxeoloji abidələrdə qanunsuz qazıntıların aparılması da qeydə alınmışdır.
Dağıntıların miqyası tikililərin fiziki vəziyyətində olduğu qədər xalqın mənəvi yaddaşına münasibətdə də özünü göstərmişdir. Qəbiristanlıqlarda baş daşlarının sındırılması, mərhumların portretlərinin göz, alın və ağız nahiyələrinin qəsdən atəşə tutulması, məzarların qazılması, insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərin edilməsi bu vandalizmin ən ağrılı təzahürləri sırasında idi.
Mədəni irsə vurulan zərəri maddi göstəricilərlə tam ifadə etmək mümkün deyil. Dağıdılmış hər bir abidə ilə birlikdə tarixin bir izi, memarlığın bir nümunəsi, bir icmanın xatirəsi və gələcək nəsillərə ötürülməli olan mənəvi dəyər də zərər görür.
Mədəni mülkiyyət obyektlərinin silahlı münaqişələr zamanı qəsdən məhv edilməsi beynəlxalq humanitar hüququn fundamental prinsipləri ilə bir araya sığmır. Bu cür əməllər 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, mədəni sərvətlərin mühafizəsinə dair beynəlxalq hüquqi sənədlərin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
Dağıdılmış şəhərdən yaddaşın bərpasına
İşğal dövründə qeydə alınmış dağıntılar göstərir ki, zərər ayrı-ayrı tarixi abidələrlə məhdudlaşmamış, şəhərsalma sisteminin bütöv komponentlərini, o cümlədən tarix və mədəniyyət abidələrini, dini mərkəzləri, qəbiristanlıqları, ictimai məkanları və memarlıq ansambllarını da əhatə etmişdir. Beləliklə yaşayış məntəqələrinin tarixi simasına ciddi zərər vurulmuşdur.
Belə dağıntılar postmünaqişə şəhər mühitində bir-biri ilə əlaqəli üç əsas boşluq yaradır: fiziki, sosial və semantik boşluqlar. Fiziki boşluq tikililərin və infrastrukturun itirilməsini, sosial boşluq icmaların ənənəvi funksiyalarının və ictimai əlaqələrinin pozulmasını, semantik boşluq isə şəhərin tarixi yaddaşının və keçmişlə bağlı mənəvi bağlarının qırılmasını ifadə edir.
Bu üç amilin eyni vaxtda mövcudluğu dağıdılmış şəhəri və ya yaşayış məntəqəsini fiziki baxımdan yenidən qurulmalı ərazi olmaqla yanaşı, yaddaşı bərpa edilməli mürəkkəb bir sistemə çevirir. Şəhərin dirçəlişi küçələrin, binaların və infrastrukturun bərpası ilə tamamlanmır. Həmin məkanların tarixi mənasının, ictimai funksiyalarının və kollektiv yaddaşla əlaqəsinin yenidən qurulması da vacibdir.
Məhz bu baxımdan mədəni irsin bərpası və memorial məkanların yaradılması işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesinin mühüm tərkib hissəsidir.
Məhz bu səbəbdən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında tamamilə və ya qismən dağıdılmış muzeylərin tikintisi və bərpası, işğal və zəfər muzeyləri komplekslərinin yaradılması ilə bağlı tədbirlər, daşınmaz abidələrin bərpa-koservasiyası işlərinin görülməsi “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini hissəsində yer almışdır.
Daşınmaz mədəni irs abidələri və muzeylər şəhərin tarixi yaddaşını qoruyan, onun memorial kimliyini formalaşdıran mühüm məkanlardır. Onlar şəhərin memarlıq siması ilə yanaşı, mənəvi xəritəsini də yaradır. Bu məkanlarda xalqın keçmişi, qəhrəmanlığı, ağrıları və qüruru bir araya gəlir. Beləliklə, memorial komplekslər və muzeylər tarixi hadisələri yaddaşda saxlamaqla bərabər, həmin hadisələrin gələcək nəsillər tərəfindən unudulmamasını və düzgün dərk edilməsini təmin edir.
Xocalı Soyqırımı Memorialı: faciənin yaddaşı
Vətən müharibəsi ilə bağlı yaradılan memorial məkanlarda şəhidlərimizin xatirəsini yaşadan, tarixi hadisələrin mahiyyətini memarlıq dili ilə ifadə edən çoxsaylı rəmzlər mövcuddur. Bu baxımdan, 2026-cı il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti və ailə üzvlərinin iştirakı ilə açılışı olmuş Xocalı Soyqırımı Memorial Kompleksi xüsusi əhəmiyyət daşıyır.
1992-ci il fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş soyqırımı cinayəti xalqımızın yaddaşında silinməz iz buraxmışdır. Memorial bu faciənin qurbanlarının xatirəsini əbədiləşdirməklə yanaşı, insanlığa qarşı törədilmiş cinayətlərin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini ifadə edir.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında reallaşdırılan memorialın memarlıq həlli dərin rəmzi məna daşıyır. Kompleksi dörd tərəfdən əhatə edən monolit konstruksiyalar Xocalı sakinlərini soyqırımından qorumağa çalışan əllər formasında layihələndirilmişdir.
Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıan Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir. Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən mühüm məkandır.

İşğal və Zəfər muzeyləri: milli yaddaşın memarlıqda ifadəsi
İşğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeylərinin yaradılması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. 2021–2023-cü illərdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə müvafiq komplekslərin təməli qoyulmuşdur. Xarici mütəxəssislərin dəstəyi ilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında, eləcə də Şuşa şəhərində İşğal və Zəfər muzeyləri komplekslərinin layihələndirilməsi işləri yekunlaşdırılmışdır.
Bu layihələrin hər biri yerləşdiyi ərazinin tarixi xüsusiyyətlərini, müharibə dövründə yaşanmış hadisələri və Zəfərin mənəvi mahiyyətini nəzərə alan fərqli memarlıq yanaşmaları ilə seçilir. Komplekslərin məqsədi tarixi faktları nümayiş etdirməklə yanaşı, ziyarətçiyə həmin hadisələrin emosional və mənəvi məzmununu çatdırmaqdır.
Ağdam şəhərində İtaliya şirkəti tərəfindən hazırlanan konsepsiya əsasında Zəfər və İşğal muzeylər kompleksləri yaradılacaq. Açıq hava altında olacaq İşğal Muzeyinin ekspozisiyalarından biri Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş məcburi köçkünlərin keçdiyi ağır və əzablı yolu əks etdirəcək. Bu hissədə tətbiq olunacaq aşağı temperatur ziyarətçiyə həmin insanların üzləşdiyi sərt şəraiti müəyyən dərəcədə hiss etdirməyə yönəlib. Burada soyuq fiziki hiss olmaqla yanaşı, didərginliyin, itkinin və məcburi köçkünlük həyatının simvolik ifadəsidir.
Ağdam Zəfər Muzeyinin memarlıq həllində isə günəş obrazı xüsusi yer tutur. Muzeyin tağlarının günəşin hərəkət istiqamətinə uyğun qurulması Zəfərin günəş kimi əbədi olmasını ifadə edir. İçərisindəki muzey dəmir və şüşə konstruksiyalardan ibarətdir. Dəmir “Dəmir yumruq” əməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir.
Ekspozisiyada 44 günlük müharibənin hər bir gününün əks olunması isə Zəfərin arxasında dayanan tarixi yolun, hərbi əməliyyatların və xalqın iradəsinin ardıcıl şəkildə təqdim edilməsinə imkan yaradacaq.
Cəbrayıl şəhərinin cənubunda, şəhərə giriş hissəsində yaradılması nəzərdə tutulan Döyüş Muzeyi də öz memarlıq həlli ilə seçilir. Ərazidə baş vermiş şiddətli döyüşlər nəzərə alınaraq, muzeyin yeraltı səngərlər formasında qurulması planlaşdırılır. Bu yanaşma ziyarətçini döyüş mühitinə yaxınlaşdırmaqla yanaşı, əsgərlərin döyüş zamanı üzləşdikləri çətinlikləri məkan vasitəsilə təsəvvür etməyə şərait yaradacaq. Kompleksin ərazisində Bayraq meydanının və Xudafərin körpüsünün memarlıq obrazından ilhamlanan Zəfər tağının yaradılması da nəzərdə tutulur.
Füzuli Memorial Kompleksi şəhərin mərkəzində inşa ediləcək. Kompleksin mühüm xüsusiyyətlərindən biri işğal dövründə dağıdılmış tarixi tikililərin – “Araz” qəzetinin redaksiya binasının və Müəllimlər evinin konservasiya edilərək nümayiş etdirilməsidir. Bu yanaşma dağıntı izlərinin qorunmasına və tarixi həqiqətlərin birbaşa maddi sübutlar vasitəsilə təqdim olunmasına imkan verəcək. Layihədə 44 rəqəminin memarlıq həllində əks olunması isə Vətən müharibəsinin müddətini və Zəfərin tarixi mahiyyətini simvolik şəkildə ifadə edir. Kompleksin memarlıq konsepsiyasının əsasını 44 rəqəmi təşkil edir. Bu rəqəm ağır və sadə şaquli elementlərin işıqla vəhdəti vasitəsilə həm vizual, həm də həcm baxımından təsirli şəkildə təqdim olunur. Abidənin bünövrəsini şəhidlərin adlarının həkk olunduğu nəhəng, möhkəm konstruksiya təşkil edir. Quruluşun daxilində yerləşdirilmiş işıq mənbələri səmaya doğru yüksələn işıq şüaları ilə birləşərək vahid kompozisiya yaradır. Beləliklə, 44 rəqəmi memoriala həm ön tərəfdən, həm də yuxarıdan baxdıqda aydın şəkildə seçilir.

Zəngilan İşğal və Zəfər Muzeyləri Kompleksinin İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olması nəzərdə tutulur. Zəfər Muzeyinin yaxınlığında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin adlarının qeyd olunduğu beton hasar formasında memorial lövhənin yerləşdirilməsi planlaşdırılır. Bu lövhə qəhrəmanlarımızın adlarını qoruyan memarlıq elementi olmaqla yanaşı, hər bir adın arxasında dayanan bir ömrün, bir ailənin və Vətən sevgisinin rəmzi olacaq.
Qubadlı və Laçın rayonlarında yaradılacaq İşğal və Zəfər muzeyləri komplekslərinin də İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkı əhatə etməsi nəzərdə tutulur. Kəlbəcər kompleksinin isə şəhərin mərkəzində salınacaq parkda inşa edilməsi planlaşdırılır. Burada ekspozisiyanın bir hissəsi işğal tarixinə, digər hissəsi isə Zəfərə həsr olunacaq. Beləliklə, hər bir kompleks keçmişin ağrısını və gələcəyin ümidini eyni məkanda birləşdirən yaddaş məkanına çevriləcək.

Xankəndi şəhərində Zəfər Muzeyinin yaradılması istiqamətində də işlərə başlanılmışdır. İlkin konsepsiyaya əsasən, şəhərin mərkəzində yerləşən, memar Həsən Məcidovun müəllifi olduğu inzibati binada muzeyin yaradılması nəzərdə tutulur. Muzeyin ekspozisiyası üçün dizayn layihəsi və ilkin məzmun hazırlanaraq ölkə rəhbərliyinə təqdim edilmiş və təsdiq olunmuşdur.
Şuşa şəhərində isə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə Şuşa Həbsxanasının binasında İşğal Muzeyinin yaradılması məqsədilə bərpa-yenidənqurma işlərinin layihə-smeta sənədləri və muzey məzmunu hazırlanmışdır. İşğal dövründə azərbaycanlıların ağır işgəncələrə məruz qaldığı bu binanın muzeyə çevrilməsi tarixi yaddaşın qorunması baxımından xüsusi məna daşıyır. Belə bir məkanın gələcəkdə muzey kimi fəaliyyət göstərməsi keçmişdə yaşanmış ağrıların unudulmaması, tarixi həqiqətlərin maddi sübutlar əsasında nümayiş etdirilməsi və insan ləyaqətinə qarşı törədilmiş əməllərin yaddaşda saxlanılması deməkdir.
Memarlıqda əbədiləşən xatirə
İstər Bakı şəhərində, istərsə də işğaldan azad edilmiş rayonlarda yaradılan memorial komplekslər və muzeylər Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı tarixi Zəfərin və şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məkanlar tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına, milli yaddaşın qorunmasına və cəmiyyətin mənəvi dəyərlərinin möhkəmləndirilməsinə xidmət edir.
Lakin bu komplekslərin əhəmiyyəti onların memarlıq həlləri və ekspozisiyaları ilə bitmir. Onlar həm də milli yaddaşımızın memarlıqda ifadəsidir. Burada hər bir daş, hər bir memarlıq detalı, hər bir eksponat bizi keçmişimizlə, şəhidlərimizin əziz xatirəsi ilə və Zəfərimizlə bağlayan yaddaş elementinə çevrilir. Bu məkanlar tariximizi nümayiş etdirmək və həmin tarixi gələcək nəsillərə etibarlı şəkildə ötürmək məqsədilə yaradılır.
Muzey komplekslərinə gələn hər bir kəs burada 44 günlük müharibənin gedişini və qazanılmış Zəfəri öyrənməklə yanaşı, bu tarixi qələbənin arxasında dayanan böyük fədakarlığı, qəhrəmanlığı, xalqın birliyini və Vətən uğrunda canından keçmiş insanların müqəddəs əmanətini də dərk edəcək. Hər bir ekspozisiya, hər bir memorial element ona xatırladacaq ki, bu gün yaşadığımız azadlıq və quruculuq dövrü böyük mübarizənin, saysız-hesabsız insan talelərinin və əvəzsiz qurbanların nəticəsidir.
Bu gün ucaldılan memorial komplekslər gələcək nəsillər üçün xalqımızın iradəsinin, birliyinin və qəhrəmanlığının canlı şahidlərinə çevriləcək. Onlar hər zaman xatırladacaq ki, Zəfər qazanılmış hərbi nəticə olmaqla yanaşı, qorunmalı, yaşadılmalı və gələcək nəsillərə ötürülməli olan milli yaddaşdır.