Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Su İdman Sarayında Bakının ev sahibliyi edəcəyi üzgüçülük üzrə Dünya Kuboku öncəsi gənc (11-15 yaş) idmançılar üçün ustad dərsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Swimming Clinic” formatında keçirilən tədbirdə məşhur və təcrübəli üzgüçülər gənc idmançılarla görüşərək, üzgüçülük texnikaları və məşq prosesi ilə bağlı öz təcrübələrini onlarla bölüşüblər.
“Swimming Clinic”də honq-konqlu Şivon Hoqi, ABŞ-dən olan Karson Foster və niderlandlı Marit Stenberqen iştirak ediblər.
Ustad dərsi “World Aquatics”in “Athletes’ Experience” proqramı çərçivəsində təşkil olunub. Proqramın məqsədi yüksəksəviyyəli idmançıların gənc üzgüçülərə xüsusi məşqlər keçməsi, yerli icmalarda üzgüçülüyün inkişafına dəstək göstərilməsi və gələcək nəsillərin su idman növlərinə marağının artırılmasıdır.
Qeyd edək ki, üzgüçülük üzrə Dünya Kuboku oktyabrın 1-3-də keçiriləcək. Turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparacaq. Azərbaycanı yarışda 15 idmançı təmsil edəcək.