Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY
Bakı, 29 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində Azərbaycan dayanıqlı iqtisadi artım potensialına, müasir infrastruktur imkanlarına və geniş beynəlxalq tərəfdaşlıq əlaqələrinə malik ölkə kimi mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Son illərdə biznes və investisiya mühitinin təkmilləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi və müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin investisiya imkanlarının genişlənməsinə şərait yaradıb. Bu baxımdan, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya potensialının, iqtisadi inkişaf prioritetlərinin və regional əməkdaşlıq imkanlarının beynəlxalq investorlar və biznes ictimaiyyəti ilə müzakirə edilməsi baxımından mühüm beynəlxalq platformadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Milli Məclisin deputatı vurğulayıb ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən sualların əhatə dairəsi də ölkəmizin iqtisadi potensialına və regional proseslərdəki roluna beynəlxalq marağın göstəricisidir. Dövlətimizin başçısının həmin suallara verdiyi konkret və əhatəli cavablar ölkəmizin iqtisadi prioritetləri, investisiya mühiti və qarşıdakı dövr üçün inkişaf perspektivləri ilə bağlı məsələlərin birbaşa beynəlxalq auditoriyanın diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın xarici investorlarla və beynəlxalq tərəfdaşlarla açıq dialoqa, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa verdiyi önəmi də nümayiş etdirir. Ölkə iqtisadiyyatına yönəldilən investisiyalar yeni istehsal və xidmət sahələrinin inkişafı, qabaqcıl texnologiyaların və innovasiyaların tətbiqi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf üçün əlavə imkanlar yaradır.
S.Məmmədov qeyd edib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması və regional kommunikasiyaların inkişafı Azərbaycanın qarşıdakı dövr üçün əsas prioritetləri sırasındadır. Azərbaycanın regional siyasətində sülh, sabitlik və iqtisadi inkişaf bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Cənubi Qafqazda qarşılıqlı etimadın möhkəmləndirilməsi regional iqtisadi əməkdaşlığın genişlənməsi üçün də yeni imkanlar yaradır. Azərbaycanın yanaşması yalnız milli iqtisadi maraqların təmin olunmasına deyil, eyni zamanda, region ölkələri arasında yeni iqtisadi əməkdaşlıq mühitinin formalaşmasına yönəlib.