Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək
Bakı, 29 sentyabr, AZƏRTAC
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 7-də Şəki rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı oktyabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı oktyabrın 7-də 08:00-da Daxili Qoşunların Şəki şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.