Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təlimini yalnız üç dost və qardaş ölkənin ordularının həyata keçirdiyi adi təlim fəaliyyəti kimi qiymətləndirmək yetərli olmaz. Azərbaycanın ev sahibliyi etdiyi təlimi əhatə dairəsi, iştirakçıları və xüsusilə seçilən coğrafiyalar baxımından daha geniş strateji çərçivədə nəzərdən keçirilməyə layiqdir. Çünki təlim Qarabağ, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizində keçirilir. Quru qoşunları ilə yanaşı, hava və dəniz qüvvələri, eləcə də pilotsuz uçuş aparatlarının təlimdə iştirakı üç ölkənin müxtəlif qoşun növlərinin birgə əməliyyat mühitində fəaliyyət göstərmək qabiliyyətinin inkişaf etdirilməsinin hədəfləndiyini göstərir. Deməli, burada söhbət yalnız üç ordunun eyni məkanda olmasından deyil, birlikdə planlaşdırma, birlikdə fəaliyyət göstərmə və müxtəlif qoşun növlərindən vahid əməliyyat anlayışı çərçivəsində istifadə etmək qabiliyyətinin inkişaf etdirilməsindən gedir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Polemik Medya”nın İdarə Heyətinin sədri Hakan Kılıç söyləyib.

Jurnalist bildirib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə suverenliyin və ərazi bütövlüyünü bərpa etdi. Özbəkistan hərbi personalının təlimdə iştirak etmək üçün Füzuli Beynəlxalq Hava Limanından Azərbaycana daxil olması da bu baxımdan simvolik məna daşıyır. Bir zamanlar müharibənin yaşandığı bu coğrafiyada bu gün Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təlim keçirməsi Qarabağın təhlükəsizlik müstəvisindəki dəyişimi göstərən diqqətçəkən mənzərədir.
Naxçıvan isə Azərbaycanın Türkiyə ilə birbaşa quru sərhədinə malik olduğu və Cənubi Qafqazın gələcək nəqliyyat arxitekturasında mühüm rol oynaya biləcək strateji coğrafiyadır. Naxçıvanın Türkiyə-Azərbaycan münasibətlərindəki xüsusi mövqeyi nəzərə alındıqda, burada həyata keçirilən birgə fəaliyyətlərin hərbi olduğu qədər geostrateji əhəmiyyət daşıdığı aydındır.
Xəzər dənizindən isə Mərkəzi Asiyaya mənzərə açılır. Azərbaycanın Qazaxıstan, Türkmənistan və daha geniş mənada Mərkəzi Asiya ilə əlaqəsinin təbii qapısı Xəzərdir. Orta Dəhlizin şərq və qərb hissələrini birləşdirən bu coğrafiya, eyni zamanda, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat və kritik infrastruktur baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Beləliklə, Qarabağ–Naxçıvan–Xəzər dənizində reallaşan təlimlər nəzərdən keçirildikdə daha böyük strateji xəritə ortaya çıxır: Mərkəzi Asiya - Xəzər - Azərbaycan – Naxçıvan - Türkiyə - Avropa.

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığında yeni mərhələ
“Təlimin ikinci mühüm aspekti Türkiyə-Azərbaycan müdafiə münasibətləridir.Türkiyə ilə Azərbaycan arasında uzun illərdir intensiv hərbi təlim, birgə manevrlər, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq mövcuddur. Buna görə də iki ölkə ordusunun eyni məkanda fəaliyyət göstərməsi artıq yeni hadisə deyil. Lakin burada fərqli olan məqam Türkiyə-Azərbaycan arasında formalaşmış hərbi əməkdaşlıq və birgə fəaliyyət təcrübəsinin üçüncü türk dövləti ilə daha geniş formata daşınmasıdır. Türkiyə Silahlı Qüvvələrinin təlimdə baş qərargah və quru, dəniz və hava qüvvələrinin bölmələri ilə iştirak etməsi də bu baxımdan əhəmiyyətlidir. Burada Türkiyənin NATO praktikası, Azərbaycanın son illərdə əldə etdiyi əməliyyat təcrübəsi və hər iki ölkənin xüsusilə pilotsuz sistemlər və müasir döyüş doktrinaları sahəsindəki potensialı mühüm imkan yaradır”, - deyə türk jurnalist vurğulayıb.

Özbəkistanın iştirakı niyə əhəmiyyətlidir?
Hakan Kılıç əlavə edib ki, Özbəkistanın bu formatda Azərbaycan və Türkiyə ilə birlikdə Naxçıvandan Qarabağa və Xəzərə qədər uzanan geniş coğrafiyada keçirilən birgə təlimdə iştirakı münasibətlərin yeni istiqamətə doğru inkişaf etdiyini göstərir. Təqribən 38 milyon əhalisi, Mərkəzi Asiyanın mərkəzində yerləşən coğrafi mövqeyi, iqtisadi potensialı və regional çəkisi səbəbindən Özbəkistan Türk dünyasının ən mühüm ölkələrindən biridir. Son illərdə Azərbaycan-Özbəkistan münasibətlərində müşahidə olunan sürətli yaxınlaşma da təkcə diplomatiya və iqtisadiyyatla məhdudlaşmır. İki ölkə arasında investisiyalar, enerji, nəqliyyat və Orta Dəhliz vasitəsilə inkişaf edən geoiqtisadi münasibətlərə müdafiə və təhlükəsizlik ölçüsünün daha görünən şəkildə əlavə olunması Bakı–Daşkənd münasibətlərinin getdikcə daha əhatəli strateji xarakter qazandığını göstərir. Burada mühüm paralellik mövcuddur. Bir tərəfdən Azərbaycan və Özbəkistan iqtisadi baxımdan bir-birinə yaxınlaşır, birgə investisiyalar həyata keçirir və Orta Dəhliz vasitəsilə birləşirlər. Digər tərəfdən hərbi personal birgə təlimlərdə fəaliyyət göstərmək imkanlarını inkişaf etdirir. Yəni iqtisadi əlaqə ilə təhlükəsizlik əməkdaşlığı eyni coğrafiyada bir-birini tamamlamaya başlayır.
“Birliyin Gücü-2026”nı yalnız bu günün hərbi təlimi kimi deyil, Türkiyə–Azərbaycan–Mərkəzi Asiya platformasında formalaşmaqda olan yeni strateji əməkdaşlıq mədəniyyətinin diqqətçəkən göstəricilərindən biri kimi qiymətləndirmək olar. Əgər bu proses birgə təlimlər, hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi layihələri və institusional əlaqələrlə davam etdirilərsə, bu gün Qarabağ, Naxçıvan və Xəzərdə gördüyümüz mənzərə gələcəkdə Türk dünyasının daha güclü, daha koordinasiyalı və öz təhlükəsizliyinə daha çox töhfə verə bilən əməkdaşlıq məkanına çevrilməsinin mühüm mərhələlərindən biri olacaq.