Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə yay mövsümünün başa çatması və qış mövsümünə hazırlıqla bağlı Assosiasiya üzvləri və turizm sənayesi nümayəndələri üçün işgüzar səhər yeməyi təşkil edib.
Bu barədə AZƏRTAC-a ATAA-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və agentliyin rəsmiləri, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov və gəlmə, getmə, logistika, daxili turizm və bir sıra digər mühüm istiqamətlər üzrə fəaliyyət göstərən 300-ə yaxın ATAA nümayəndəsi, o cümlədən hotel sənayesinin və beynəlxalq hava yollarının Azərbaycandakı nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev Azərbaycan turizminin son illərdə böyük inkişaf yolu keçdiyini, turizmin artıq formalaşma mərhələsindən daha yetkin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Çıxışı zamanı qəbul olunan Dövlət Proqramının əhəmiyyətinə toxunan DTA sədri, sənədi Azərbaycan turizminin inkişafında mühüm mərhələ kimi qiymətləndirərək onun dövlət və özəl sektor qarşısında yeni hədəflər müəyyənləşdirdiyini və turizm sənayesinin daha sistemli inkişafı üçün geniş imkanlar yaratdığını qeyd edib. O, bu imkanların real turizm məhsullarına çevrilməsi üçün sahibkarların təşəbbüsü, investisiyası və innovativ yanaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Fuad Nağıyev dövlətin yaratdığı strateji çərçivənin turizm sənayesinin fəallığı ilə tamamlanmasının Azərbaycan turizminin qarşıdakı mərhələdə daha güclü və rəqabətqabiliyyətli inkişafına imkan verəcəyini qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov ötən dövr ərzində Assosiasiyanın fəalliyətinə toxunaraq sayı 300-ə çatan ATAA-nın ölkə turizminin inkişafı, turist cəlbediciliyinin artırılması və qarşılaşdıqları məsələlərin həlli, o cümlədən yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədilə dövlət qurumları, diplomatik nümayəndəliklər, aviaşirkətlər, hotellər, muzey və qoruqlar, müxtəlif ölkələrin turizm assosiasiyaları ilə 50-ə yaxın işgüzar görüş keçirdiyini bildirib.
O, həmçinin son bir ildə xaricdə yeni tərəfdaşlıqların qurulması məqsədilə ATAA üzvlərinin 40-a yaxın B2B görüşlərdə, tanışlıq səfərlərində, infoturlarda, sərgilər və təqdimatlarda iştirakının təmin olunduğunu qeyd edib. ATAA-nın fəaliyyətinin genişləndirildiyini də diqqətə çatdıran Assosiasiya sədri Gəlmə və Getmə Turizm komitələrinin fəaliyyətinin genişləndirildiyini, əlavə olaraq Daxili Turizm Komitəsinin, Turoperatorların İşçi Qrupunun, Təşəbbüs Qrupunun və Turistlərin maarifləndirilməsi şöbəsinin fəaliyyətə başladığını, bu strukturlar vasitəsilə üzv şirkətlərin qarşılaşdığı məsələlərin müəyyənləşdirilməsi və həlli istiqamətində aktiv işlərin aparıldığını qeyd edib.
Tədbir çərçivəsində Assosiasiyanın fəaliyyətinə töhfə verən bir sıra dövlət qurumlarının nümayəndələrinə, eləcə də ATAA-nın nəzdində yeni fəaliyyətə başlayan Təşəbbüs Qrupunun üzvlərinə təşəkkürnamələr təqdim olunub.
Sonda qarşıdan gələn 29 Sentyabr – Turizm İşçiləri Günü münasibətilə turizm sənayesinin nümayəndələri təbrik edilib və onlara peşə fəaliyyətlərində uğurlar arzulanıb.