Cəfər Qarayev: Əsas hədəfimiz beynəlxalq təmasları uzunmüddətli əməkdaşlığa çevirməkdir
Ər-Riyad və Dubay sərgilərində Azərbaycanın turizm potensialı təqdim edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “WTM Spotlight Riyadh 2026”, ardınca isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Arabian Travel Market – ATM 2026” beynəlxalq turizm sərgilərində “Zakher Travel” şirkəti öz stendi ilə Azərbaycanı təmsil edib. Ər-Riyadda keçirilən üçgünlük sərgi müddətində 500-dən çox, Dubayda isə dörd gün ərzində 1100-dən çox işgüzar B2B görüş keçirilib. Beləliklə, iki beynəlxalq sərgi çərçivəsində ümumilikdə 1600-dən çox B2B görüş təşkil olunub. “Arabian Travel Market 2026” sərginin sayca 33-cü buraxılışı olaraq Dubay Dünya Ticarət Mərkəzində (Dubai World Trade Centre) reallaşıb. Tədbir “Səyahət 2040: innovasiya və texnologiya vasitəsilə yeni üfüqlərin açılması” devizi altında təşkil olunub.
Bunu AZƏRTAC-a açıqlamasında "Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qarayev söyləyib.
O qeyd edib ki, “ATM 2026” 55 mindən çox iştirakçını, 2800-dən çox sərgi iştirakçısını (exhibitor) və 6600-dən çox peşəkar alıcını (buyer) bir araya gətirib: “Sərgidə 160-dan çox ölkənin turizm sənayesinin nümayəndələri təmsil olunub. “Zakher Travel” Dubay sərgisində 21 kvadratmetrlik xüsusi stendlə Azərbaycanı təmsil edib. Stenddə Azərbaycanın ümumi turizm potensialı, ölkənin regionları və ənənəvi turizm marşrutları ilə yanaşı, qış turizmi, sağlamlıq və tibbi turizm imkanları da geniş şəkildə təqdim olunub. Azərbaycanın müxtəlif turizm istiqamətlərini əks etdirən videoçarxlar və təqdimat materialları nümayiş etdirilib. Eyni zamanda, ölkəmizin milli qonaqpərvərlik ənənələrinin təqdimatı məqsədilə stendə gələn xarici qonaqlara Azərbaycanın milli şirniyyatları və çərəzləri ikram olunub”.
Cəfər Qarayev əsas məqsədin Azərbaycan turizmini beynəlxalq bazarlarda daha geniş tanıtmaq olduğunu vurğulayıb: “Sərgilərdə keçirilən görüşlər sadəcə vizitkart mübadiləsi ilə yekunlaşmamalıdır. Əsas hədəfimiz bu təmasları real və uzunmüddətli əməkdaşlıqlara çevirmək, yeni tərəfdaşlar qazanmaq və nəticə etibarilə Azərbaycana daha çox xarici turist cəlb etməkdir. Azərbaycanın turizm imkanları yalnız Bakı ilə məhdudlaşmır və beynəlxalq bazarlarda ölkənin regionlarının, təbiətinin, mədəni irsinin, qış, sağlamlıq və digər turizm məhsullarının da sistemli şəkildə təbliğinə ehtiyac var. Beynəlxalq sərgilərdə davamlı iştirak, xarici turizm şirkətləri ilə birbaşa B2B əlaqələrin qurulması və Azərbaycanın vahid turizm istiqaməti kimi sistemli təbliği ölkəmizin dünya turizm bazarındakı mövqeyinin daha da güclənməsinə xidmət edir”.