Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar
Bakı, 18 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin birgə keçirdiyi müsabiqəyə təqdim olunan 139 elmi layihə arasından 5 layihə qalib elan olunub.
Kimya İnstitutundan AZƏRTAC-a bildirilib ki, qalib layihələrdən ikisi Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasının alimlərinin iştirakı ilə hazırlanıb.
Kimya İnstitutu və Özbəkistanın İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin alimlərinin birgə təqdim etdiyi “Vanadiumun titanmaqnetit filizindən və texnogen tullantılardan çıxarılmasının kompleks emal metodlarının işlənib hazırlanması” layihəsi qalib layihələrdən biri olub. Layihəyə Ülviyyə Şərifova rəhbərlik edir. Tədqiqat heyətində laboratoriyanın əməkdaşları Arzu Osmanova, Pərvanə Babayeva və Afət Mustafayeva təmsil olunurlar.
Layihənin əsas məqsədi Azərbaycandakı Acınohur və Özbəkistandakı Təbinbulaq yataqlarından əldə edilən vanadium-titan tərkibli mineral xammal və konsentratlardan, həmçinin texnogen tullantılardan vanadiumun selektiv çıxarılması üçün kompleks texnologiyanın hazırlanmasıdır. Tədqiqatlar iki ölkənin mineral xammal ehtiyatlarının və sənaye tullantılarının öyrənilməsi, eləcə də elmi potensialının birgə istifadəsi əsasında aparılacaq.
Azərbaycan və Özbəkistan alimlərinin birgə həyata keçirəcəyi layihə çərçivəsində Acınohur və Təbinbulaq yataqlarından əldə olunan vanadium-titan tərkibli xammal və konsentratlardan, eləcə də texnogen tullantılardan vanadiumun selektiv çıxarılması üçün kompleks texnologiyanın hazırlanması nəzərdə tutulur. Layihə iki ölkənin mineral xammal və sənaye tullantıları üzrə resurslarının, həmçinin elmi potensialının birgə istifadəsinə əsaslanır.