AC30 iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar
Bakı, 18 sentyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Adaptasiya Komitəsinin 30-cu iclasının (AC30) iştirakçıları Milli Hidrometeorologiya Xidmətində olublar.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, qonaqlar xidmətin Situasiya Mərkəzi və Hidrometeorologiya Muzeyi ilə tanış olub, hidrometeoroloji məlumatların qəbulu, emalı, ötürülməsi və mübadiləsinin təşkili barədə məlumatlandırılıblar.
Səfər çərçivəsində iqlim dəyişmələrinə uyğunlaşma, iqlim dayanıqlılığının gücləndirilməsi və hidrometeoroloji hadisələrlə bağlı erkən xəbərdarlıq sistemləri üzrə Azərbaycanın təcrübəsinə dair təqdimatlar keçirilib. Ölkəmizdə həyata keçirilən işlər barədə qonaqlara məlumat verilib, eyni zamanda, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, iqlim məlumatlarından səmərəli istifadə və iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma məsələləri ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.