Azərbaycan türk dövlətləri arasında koordinasiya mərkəzinə çevrilib - ŞƏRH
Bakı, 18 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr arasında inteqrasiya proseslərinin artması bu coğrafiyada münasibətlər sisteminin genişlənməsinə və yeni konfiqurasiyanın formalaşmasına səbəb olur. Bu baxımdan, türk dövlətlərinin Avrasiya geosiyasi məkanında baş verən proseslərdə rolunun artması müşahidə edilir.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla deyib.
O bildirib ki, vaxtilə türkdilli dövlətlərin yalnız ideoloji və mədəni dostluq əlaqələri üzərində qurulan əməkdaşlığı hazırda regional və qlobal proseslərə töhfə verə biləcək səviyyəyə çatıb. Türk dövlətlərinin yerləşdiyi coğrafiya Asiya və Avropa arasında əlaqələrin təmin olunması baxımından geoiqtisadi platformaya çevrilir və bu konfiqurasiyanın yaranmasında Azərbaycan ilk təşəbbüskarlardan olub.
“Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi güc mərkəzi kimi çəkisinin artması paralel olaraq Mərkəzi Asiyaya və Avropaya da təsir edir. Çünki Azərbaycan Avropanın və Türkiyənin Mərkəzi Asiyaya çıxış qapısıdır. Eləcə də, Mərkəzi Asiyanın və bu region üzərindən istifadə etməklə Türkiyə və Avropaya çıxmağa çalışan dövlətlərin tranzit yolu Azərbaycandan keçir. Azərbaycan türk dövlətləri arasında yalnız coğrafi baxımdan deyil, həm də siyasi, iqtisadi, logistika, mədəni, ideoloji və digər sahələrdə koordinasiya mərkəzinə çevrilib”, – deyə Müşfiq Abdulla qeyd edib.
Siyasi şərhçi bildirib ki, sentyabrın 15-də TDT-yə daxil olan ölkələrin dini liderlərinin, iki gün sonra isə TDT Təhlükəsizlik Şuraları katiblərinin toplantısının Bakıda keçirilməsi Azərbaycanın bu birlik daxilindəki birləşdirici rolunu göstərir. Müşfiq Abdulla Azərbaycan Prezidentinin Təhlükəsizlik Şuraları katibləri ilə görüşündə türk dövlətləri arasında ikitərəfli gündəliyin genişləndirilməsi barədə fikirlərinin də diqqətəlayiq olduğunu vurğulayıb.
“Məhz Azərbaycanın təşəbbüsü ilə təşkilatın fəaliyyətini genişləndirmək üçün qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi TDT-nin fəaliyyətində intensiv dinamika yaradır”, – deyə o əlavə edib.
Müşfiq Abdullanın sözlərinə görə, TDT beynəlxalq və regional proseslərin əsas subyektlərindən birinə çevrilməkdədir. O xatırladıb ki, təşkilatın bünövrəsi 2009-cu ildə Naxçıvan sazişi ilə qoyulub və həmin vaxt qurum Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanıb:“Tarix və zaman baxımından 15 il az müddət olsa da, bu dövrdə türk dövlətləri milli-mənəvi birliyin təmin olunması və digər sahələr üzrə inteqrasiya istiqamətində böyük yol keçib. Azərbaycan Prezidenti bu mənada çox doğru qiymətləndirmə apararaq bildirib ki, dünyada TDT kimi beynəlxalq təşkilatların sayı azdır. Bu isə həmrəyliyin rəmzidir. Çünki türk dövlətlərini yalnız siyasi, iqtisadi, yaxud təhlükəsizlik maraqları birləşdirmir. Türk dövlətlərinin xalqlarını ilk növbədə mənəvi dəyərlər, ümumi mədəniyyət, tarix və dil yaxınlığı bağlayır”.
O qeyd edib ki, TDT-nin regional və beynəlxalq proseslərdə rolunun artması üzv ölkələrin strateji əhəmiyyətə malik nəqliyyat-ticarət dəhlizlərinin üzərində yerləşməsi ilə də əlaqədardır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasının müasir TDT strukturunun əsas təməl prinsiplərindən birini təşkil etdiyini deyən M.Abdulla hazırda “Bir kəmər-Bir yol” layihəsi, Orta Dəhliz və Şərq-Qərb nəqliyyat dəhlizlərinin türk dövlətlərinin ərazisindən keçdiyini bildirib.
“Bu marşrutlar TDT-nin regional və beynəlxalq proseslərin fəal aktoruna çevrilməsinə imkan yaradır. Həmçinin Çindən Avropaya qədər uzanan Beynəlxalq Avrasiya Nəqliyyat Dəhlizi türk dövlətlərinin qarşılıqlı inteqrasiyasını sürətləndirir. Bu amil türk dövlətlərinin iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından mühüm amildir”, – deyə o bildirib.
Siyasi şərhçi Orta Dəhlizin reallaşması istiqamətində mövcud konyunkturun formalaşmasını Azərbaycanın adı ilə əlaqələndirib. “2020-ci ildə 44 günlük müharibədən sonra regionda status-kvonun dəyişməsi və Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar nəqliyyat-tranzit dəhlizlərinin açılması üçün əlverişli şərait yaratdı. Bu gün Azərbaycan Avropadan Çinə, Rusiyadan Hind okeanına qədər uzanan logistika mərkəzinə çevrilməkdədir. Qeyd edilən amil Azərbaycanın Mərkəzi Asiya, Türkiyə və Şimali Kipr arasında əlaqələndirici fəaliyyətinin artmasından xəbər verir. Bir sözlə, Azərbaycanı “Türk qovşağı” adlandırmaq daha doğru olar”, – deyə Müşfiq Abdulla vurğulayıb.
O, TDT-nin qarşısında dayanan əsas vəzifələrdən birinin təhlükəsizliyin təmin edilməsi olduğunu da diqqətə çatdırıb. Bildirib ki, üzv ölkələrdə sabitlik hökm sürsə də, ətraf regionlarda və beynəlxalq aləmdə baş verən münaqişələr təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.
Siyasi şərhçi əlavə edib ki, TDT terrorçuluğa və kibercinayətkarlığa qarşı birgə mübarizə sahəsində də koordinasiyalı fəaliyyət göstərir. Bu, həm regional təhdidlərin qarşısının ümumi səylərlə alınmasına, həm də TDT-nin təhlükəsizlik strukturlarının formalaşmasına kömək edir.