Azərbaycandan Bolqarıstana və digər Aİ ölkələrinə fındıq ixracı məsələləri müzakirə olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Bolqarıstan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə tərəflər arasında mövcud əməkdaşlıq əlaqələri, həmçinin Azərbaycandan Bolqarıstana fındıq ixracının həcminin artırılması və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan fındığının yalnız Bolqarıstana deyil, bu ölkə üzərindən digər Avropa İttifaqı (Aİ) dövlətlərinə ixracı məsələləri diqqət mərkəzində olub. Bu istiqamətdə ixrac prosedurlarının səmərəli təşkili, qida təhlükəsizliyi tələblərinə riayət olunması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, Bolqarıstanın “Kapitan Andreevo” sərhəd-keçid məntəqəsi Azərbaycan fındığının Aİ bazarlarına daxil olması üçün əsas strateji qapı rolunu oynayır. Bu baxımdan sərhəd-keçid prosedurlarının operativ və qida təhlükəsizliyi tələblərinə tam uyğunluğunun təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Sonda ixrac zamanı qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və ticarət əlaqələrinin inkişafı istiqamətində birgə addımların atılması barədə razılıq əldə olunub.