Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub
Bakı, 18 sentyabr, AZƏRTAC
“Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyası” kitabında onun həyat və fəaliyyətinin müxtəlif istiqamətləri araşdırılır. Cəfərqulu xan Cavanşir Qarabağ xanının birbaşa varisi, hərbi yolu seçərək general rütbəsinə yüksəlmiş sərkərdə, xeyriyyəçi, Qarabağ atlarının bəslənməsinə xüsusi diqqət göstərən şəxs, Cıdır düzündə idman yarışlarının təşkilatçısı, həmçinin “Nəvə” təxəllüsü ilə şeirlər yazan şair kimi təqdim edilir. Tədqiqat Azərbaycan, Rusiya, Gürcüstan arxiv və muzeylərində qorunan sənədlər və tarixi eksponatlar əsasında həyata keçirilib.
Bunu AZƏRTAC-a açıqlamasında kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov deyib.
O qeyd edib ki, əsərdə XIX əsrin əvvəllərində Qarabağda ictimai-siyasi vəziyyətə, Cəfərqulu xanın Mir Möhsün Nəvvab, Mirzə Fətəli Axundzadə, Aşıq Pəri və Qasım bəy Zakir kimi tanınmış şəxsiyyətlərlə münasibətlərinə də toxunulub.
Müəllifin sözlərinə görə, kitab “pazl” prinsipi əsasında qurulub. Aşkar edilən hər bir eksponat və sənəd ümumi tarixi mənzərəni tamamlayan element kimi təqdim olunur.