Mikayıl Mərdinli: Bakı və Abşeronun ruhu Maqsud İbrahimbəyovun əsərlərində cəmləşib
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun əsərləri əsasında hazırlanan immersiv tamaşa tamaşaçıları aktyorlar və məkanla birbaşa təmasda saxlayaraq, onları Bakı və Abşeronun özünəməxsus ab-havasına aparır.
AZƏRTAC xəbər verir ki, bunu tamaşanın quruluşçu rejissoru Mikayıl Mərdinli agentliyin müxbirinə müsahibəsində deyib.
Onun sözlərinə görə, immersiv format tamaşanın ab-havasına birbaşa təsir göstərir, çünki tamaşaçı personajlarla birbaşa təmasda olur və müəyyən məqamda baş verənlərin iştirakçısına çevrilir.
“Üstəlik, bu, promenad tamaşasıdır: burada heç bir oturacaq yoxdur, biz aktyorların ardınca otaqdan-otağa keçirik”, - deyə o bildirib.
İmmersiv tamaşanın məhz bu xüsusiyyətləri tamaşaçıya səhnədəki ab-havanı daha yaxından hiss etməyə və cərəyan edən hadisələrin canlı iştirakçısına çevrilməyə imkan verir.
M.Mərdinli bu baxımdan hadisələrin cərəyan etdiyi məkanın – Maqsud İbrahimbəyovun özünün yaşadığı malikanənin xüsusilə mühüm rol oynadığını vurğulayıb: “Onun addım atdığı bu evdə yaradıcılığının ruhunu çatdırmamaq mümkün deyildi. Müəllif bu binanın hər guşəsində yaşayır”.
O, Abşeronun ruhunun yazıçının əsərlərində cəmləşdiyini və tamaşa vasitəsilə bunu izləyiciyə hiss etdirmək istədiklərini bildirib: “Tamaşaçı Abşeronun ruhuna varmalıdır. Bəlkə də o, məhz burada olduğu halda qəflətən bu şəhər üçün darıxacaq”.
M.Mərdinli Bakı və Azərbaycanın mədəniyyət tarixində mühüm yer tutan Maqsud İbrahimbəyovun yaradıcılığına müraciət etməyin onun üçün böyük şərəf olduğunu deyib.
O, həmçinin layihənin Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyovanın təşəbbüsü ilə ərsəyə gəldiyini qeyd edib. Bildirilib ki, bu ideyanın həyata keçirilməsi üçün en təbii seçim immersiv format olub: “Bizdə nə ənənəvi səhnə, nə kulis, nə də tamaşaçı ilə aktyor arasında öyrəşdiyimiz sərhəd var. Buna görə də hekayəni reallaşdırmaq üçün yeganə təbii yol məhz immersiv teatr forması idi”.