Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik
Bakı, 18 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyasının – Qəbələnin və Azərbaycanın digər bölgələrinin tarixi açıq sübut edir ki, Azərbaycan xalqı bu torpağın yerli əhalisidir. Xalqımız zəngin mədəniyyətə malikdir və güclü dövlətlər yaradıb. Biz heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik.
Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
“Bu, həmçinin elmi ictimaiyyətə fəal və dərin tədqiqat işləri aparmaq üçün birbaşa çağırışdır ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənclər öz tarixini hərtərəfli bilsin. Prezident İlham Əliyevin tarixi aspektlərlə bağlı açıqlamaları dövlətin prinsipial mövqeyini vurğulayır: tariximiz və mədəniyyətimiz toxunulmazdır”, – deyə o qeyd edib.
Deputat diqqətə çatdırıb ki, bu gün Prezidentin rəhbərliyi ilə biz tarixin yeni səhifəsini yazırıq və gələcək nəsillər Azərbaycanın hazırkı siyasətini, dövlətçiliyin möhkəmləndirilməsi, mədəniyyət və incəsənətin inkişafı istiqamətində atılan addımları qürurla xatırlayacaqlar.