Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH
Bakı, 18 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə çıxışı müasir dövrdə təhlükəsizlik anlayışına kompleks yanaşmanı ortaya qoydu. Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri təhlükəsizlik anlayışının yalnız hərbi və fiziki təhdidlərlə məhdudlaşdırılmaması idi. Dövlətimizin başçısı ideoloji təsirləri, informasiya vasitəsilə həyata keçirilən müdaxilələri, ictimai həmrəyliyin pozulmasına və dövlət quruluşunun sarsıdılmasına yönəlmiş fəaliyyətləri də müasir təhlükəsizlik çağırışlarının tərkib hissəsi kimi təqdim etdi. Bu kontekstdə dövlətlərin təhlükəsizliyinin qorunması ilə milli kimliyin, mənəvi dəyərlərin və cəmiyyətin daxili birliyinin qorunması arasında birbaşa əlaqə quruldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.
O bildirib ki, Prezident İlham Əliyevin çıxışındakı digər mühüm xətt gənc nəslə münasibət idi. Prezident milli özünüdərk, vətənpərvərlik və mənəvi dəyərlərə bağlılığın gənclərin tərbiyəsində mühüm yer tutmalı olduğunu bildirdi və TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin, forumların və birgə tədbirlərin genişləndirilməsini təklif etdi. Bu yanaşmada Türk dünyasının inteqrasiyasının yalnız dövlət və hökumətlər səviyyəsində deyil, gələcək nəsillər arasında da davam etdirilməsi məsələsi xüsusi yer tutur.
“Prezident İlham Əliyevin Azərbaycanda “xain, antimilli, satqın strukturların” marjinal xarakter daşıması, cəmiyyətin böyük hissəsinin milli-mənəvi dəyərlərə və ənənələrə bağlı olması, eyni zamanda, sabitliyi pozmaq cəhdlərinin gələcəkdə də davam edə biləcəyi barədə fikirləri çıxışın ideoloji təhlükəsizliklə bağlı hissəsinin əsas tezislərindən biri oldu.
Azərbaycanda milli maraqlara zidd mövqe tutan, cəmiyyətin fundamental dəyərlərinə qarşı çıxan və xarici təsirlərin siyasi alətinə çevrilmiş marjinal qrupların real ictimai dayağı son dərəcə məhduddur. Onların sosial şəbəkələrdəki səs-küyünün miqyası ilə cəmiyyətdəki faktiki çəkisini qarışdırmaq olmaz. Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti öz milli kimliyinə, mənəvi dəyərlərinə, tarixi yaddaşına, ailə və ictimai ənənələrinə bağlıdır. Bu reallıq dəyişməyib və dəyişməyəcək. Kiminsə ölkəyə, dövlətə və cəmiyyətə münasibətdə bu fundamental dəyərləri hədəfə alması isə təbii olaraq ciddi ictimai etirazla qarşılanır və qarşılanmalıdır da. Amma unutmaq lazım deyil ki, dövlətlərin sabitliyini daxildən zəiflətmək cəhdləri bir günün, bir ilin və ya bir siyasi kampaniyanın məsələsi deyil. Müxtəlif formalarda xarici təsir, informasiya manipulyasiyası, ictimai qarşıdurma yaratmaq cəhdləri və milli dəyərləri gözdən salmağa yönəlmiş fəaliyyətlər hər zaman meydana çıxa bilər. Ona görə də arxayınlaşmaq olmaz”, - deyə A.Kərimli vurğulayıb.
Deputat əlavə edib ki, cəmiyyətdə fikir müxtəlifliyi tamamilə təbii qəbul olunmalıdır. Amma siyasi mübarizə adı altında dövlətin milli maraqlarının zəiflədilməsi, cəmiyyətin parçalanmasına xidmət edən fəaliyyət və ölkənin xarici maraqların təsir dairəsinə salınması istiqamətində cəhdlər heç bir halda qəbul edilə bilməz. Heç kim cəmiyyətin mənəvi dayaqlarını sarsıtmağı azadlıq, yaxud xarici siyasi gündəm mövzularını Azərbaycana daşımağı “vətəndaş mövqeyi” kimi təqdim edə bilməz. Azərbaycan xalqı öz seçimlərini özü müəyyən edir. Onun milli iradəsini heç bir marjinal qrup, heç bir siyasi layihə və heç bir xarici mərkəz əvəz edə bilməz. Heç kim unutmasın ki, Azərbaycan dövlətinin milli maraqları siyasi konyunkturaya dəyişdirilə bilən predmet, Azərbaycanın gələcəyi isə kənardan yazılacaq ssenari deyil.