Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək
Bakı, 18 sentyabr, AZƏRTAC
Dəyişən qlobal ticarət arxitekturası fonunda ənənəvi nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti yenidən formalaşır. Bu prosesdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ölkənin tranzit imkanlarının genişləndirilməsi və regional logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında “Caspia Analitik Mərkəzi”nin direktoru Orxan Yolçuyev deyib.
Onun sözlərinə görə, xüsusilə Şərq-Qərb istiqamətində Orta Dəhlizin və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı Azərbaycanın qarşısında yeni imkanlar açır. Bu baxımdan “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv parkının yenilənməsi, o cümlədən yeni lokomotivlərin alınması ölkənin tranzit potensialının artırılması baxımından mühüm addımdır.
“Dəyişən qlobal ticarət mərkəzləri fonunda yaxın illərdə ənənəvi marşrutların dəyişdiyini və dəyişməkdə davam edəcəyini görürük. Azərbaycan ərazisindən bir neçə mühüm beynəlxalq dəhliz keçir. Onların içərisində Şərq-Qərb, yəni Orta Dəhliz və Şimal-Cənub dəhlizi xüsusi əhəmiyyət daşıyır. Yeni lokomotivlərin alınması Azərbaycanın tranzit imkanlarını və beynəlxalq rəqabət qabiliyyətini artırır”, – deyə O.Yolçuyev bildirib.
Analitik qeyd edib ki, müasir dövrdə beynəlxalq yükdaşıma şirkətləri üçün yalnız marşrutun qiyməti deyil, həm də onun dayanıqlılığı, sabitliyi və proqnozlaşdırıla bilməsi mühüm amillərdir.
“Hazırda böyük biznes və yükdaşıma şirkətləri sadəcə ucuz marşrut axtarmırlar. Onlar eyni zamanda dayanıqlı, proqnozlaşdırıla bilən və sabit marşrutlara üstünlük verirlər. Bu baxımdan yeni lokomotivlərin istismara verilməsi yükdaşımaların fasiləsizliyinin təmin olunması, vaqon dövriyyəsinin artırılması və dəmir yolu sisteminin dayanıqlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə “Caspia Analitik Mərkəzi”nin direktoru vurğulayıb.
O bildirib ki, Orta Dəhliz üzrə yükdaşımaların qarşıdakı illərdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Bu isə Azərbaycan dəmir yollarının artan yük həcmlərinə əvvəlcədən hazır olmasını zəruri edir.
“Proqnozlara əsasən, yaxın illərdə Orta Dəhliz üzrə yükdaşımaların dəfələrlə artacağı gözlənilir. Bu, Azərbaycanın artan yük həcmlərinə indidən hazırlaşmasını tələb edir. Yeni lokomotivlərin alınması da məhz bu hazırlığın mühüm tərkib hissəsidir”, – deyə O.Yolçuyev qeyd edib.
Ekspertin fikrincə, lokomotiv parkının yenilənməsi Azərbaycanın yeni formalaşan Avrasiya ticarət arxitekturasında daha fəal iştirakına şərait yaradacaq. O qeyd edib ki, dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin müasirləşdirilməsi ölkənin tranzit mövqeyinin möhkəmlənməsinə, yükdaşıma imkanlarının genişlənməsinə və beynəlxalq nəqliyyat-logistika bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir.