Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın həvəskar idmançıları Boris və Diana Nəcəfovlar Sardiniya ilə Korsika adaları arasındakı Bonifaço boğazını keçərək açıq suda üzgüçülük tarixində iz qoyublar.
AZƏRTAC xəbər verir ki, Boris Nəcəfov boğazı hər iki istiqamətdə – düzünə və geri üzərək keçib. O, hidrokostyumsuz təxminən 27-30 kilometr məsafəni 12 saata yaxın müddətdə qət edib. Diana Nəcəfova isə hidrokostyumda 13 kilometrdən çox məsafə üzərək Bonifaçonu fəth edən ilk azərbaycanlı qadın olub.
Güclü axınlar, dalğalar və meduzaların olduğu çətin şəraitdə keçirilən üzgüçülük İspaniyanın “Neda-El-Mon” klubu tərəfindən 8 ölkədən olan üzgüçülərin iştirakı ilə təşkil olunub.
Bonifaço boğazı açıq suda üzgüçülüklə məşğul olanlar arasında mürəkkəb şəraiti ilə tanınır. Üzgüçülük zamanı iştirakçılar onları müşayiət edən qayığa toxuna bilməz, su və qidanı isə təxminən hər 45 dəqiqədən bir edilən qısa fasilələr zamanı birbaşa suda alırlar.
Nəcəfovlar üçün Bonifaçonun keçilməsi ciddi hazırlığın və uzun illərdir açıq suda üzgüçülüklə məşğul olmağın nəticəsi olub.