Fransanın daxili işləri naziri deputatla bağlı yanlış məlumat yaymaqda ittiham olunur
Paris, 17 sentyabr, AZƏRTAC
Fransanın daxili işlər naziri Loran Nünez Avropa Parlamentinin deputatı Rima Həsənlə bağlı yanlış məlumatın yayılmasında iştirak etməkdə ittiham olunur.
AZƏRTAC xəbər verir ki, “France 2” kanalının “Complement d’enquete” proqramının məlumatına görə, nazir 2026-cı il aprelin 2-də Həsənin saxlanılması zamanı onun çantasında sintetik narkotik maddə tapıldığı barədə həqiqətə uyğun olmayan məlumatın yayılmasına qismən də olsa “töhfə” verib.
Proqram tərəfindən anonim şəkildə danışdırılan jurnalistlərin sözlərinə görə, Baş nazir Sebastyən Lökornü ilə Bordodan qayıdan Loran Nünez qatarda, mikrofonlardan kənar söhbət zamanı Rima Həsənin çantasında narkotik olması barədə suala “bunun doğru olması mümkündür” cavabını verib. Nazir məhsullardan birini “sintetik maddə”, digərini isə “kokain törəməsi” kimi təsvir edib və bu mövzuda çox məlumatlı olmadığını bildirib. Jurnalistlərdən biri daha sonra bu açıqlamaya əsaslanaraq məlumatı redaksiyasına çatdırıb.
Nünezinin ətrafı isə söhbətin jurnalistlərin təşəbbüsü ilə keçirilən qeyri-rəsmi müzakirə çərçivəsində baş verdiyini bildirib. Onların sözlərinə görə, söhbət artıq aprelin 2-də Rima Həsənin saxlanılması və onun üzərində narkotik maddələrin olduğu barədə yayımlanmış məlumatlarla bağlı olub.
Rima Həsən isə ittihamları rədd edərək, narkotiklə bağlı məlumatları tamamilə yalan adlandırmışdı. Aprelin 9-da narkotik maddə saxlama ilə bağlı araşdırma Paris prokurorluğu tərəfindən xitam verilərək bağlanıb.