ADPU-CVU ikili diplom proqramı çərçivəsində peşəkar inkişaf təlimi
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) arasındakı ikili diplom proqramının katibliyinin təşkilatçılığı ilə ADPU-nun struktur rəhbərləri üçün peşəkar inkişaf təlimi təşkil olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, ikigünlük təlim çərçivəsində ali təhsil müəssisələrində dəyişikliklərin idarə olunması, liderlik, strateji kommunikasiya və dəyişikliklərə müqavimətin idarə edilməsi mövzuları ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.
Təlimin əsas məqsədi ali təhsildə dəyişiklik proseslərini effektiv planlaşdırmaq və idarə etmək, təşkilati dəyişikliklər zamanı yarana biləcək çətinlikləri düzgün qiymətləndirmək, əməkdaşların prosesə cəlb olunmasını təmin etmək və effektiv kommunikasiya strategiyaları formalaşdırmaq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
Sentyabrın 17-də - təlimin ilk günündə “Təşkilati dəyişikliklərin idarə olunması” və “Dəyişikliklərə müqavimətin idarə edilməsi” mövzuları müzakirə olunub. Sessiyalar zamanı dəyişikliklərin məqsədi və gözlənilən nəticələrin müəyyənləşdirilməsi, təşkilatın dəyişikliklərə hazırlığının qiymətləndirilməsi, rəhbərliyin prosesə cəlb olunması, maraqlı tərəflərin müəyyənləşdirilməsi və ilkin yol xəritəsinin hazırlanması kimi məsələlərə toxunulub. Bununla yanaşı, dəyişiklik prosesində akademik və inzibati heyətin, tələbələrin və rəhbərliyin gözləntilərinin nəzərə alınması, düzgün kommunikasiya kanallarının seçilməsi və mütəmadi əks-əlaqənin təmin olunmasının əhəmiyyəti vurğulanıb.
Sessiyalarda dəyişikliklərə müqavimətin əsas səbəbləri, o cümlədən iş yükünün artması ilə bağlı narahatlıqlar, gözləntilərin qeyri-müəyyənliyi, mövcud iş prinsiplərinə bağlılıq və dəyişikliklərin təsiri ilə bağlı suallar da nəzərdən keçirilib.
Növbəti sessiyalarda isə strateji kommunikasiya planının hazırlanması, iş yerində böhranların idarə olunması, eləcə də rektor və dekanlarla liderlik dialoqu mövzularının müzakirə edilməsi nəzərdə tutulur.
Proqram liderlik və kommunikasiya bacarıqlarının inkişafı, dəyişikliklərin idarə olunması üzrə müasir yanaşmaların öyrənilməsi və ali təhsil mühitində tətbiq oluna biləcək praktik alətlərin mənimsənilməsinə xidmət edir.