Müharibəyə qarşı sülh sifarişi - ŞƏRH
Bakı, 17 sentyabr, AZƏRTAC
Biz bacardıq, Cənubi Qafqazla bağlı bütün planları alt-üst etdik. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası regionda münaqişəni dəstəklədiyini açıq şəkildə ortaya qoyurdu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Araz Balayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu qurumlardan gözləntisi elə də çox deyildi.
“Onsuz da onlar Ermənistanı işğala son qoymağa məcbur etməyəcək, heç işğalçını öz adı ilə də çağırmayacaqdı. Bizim gözləntimiz erməni diasporundan alınan rüşvətlərlə Azərbaycana qarşı davam etdirilən qarayaxma kampaniyasının və təzyiqlərin dayandırılması ilə bağlı idi. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu məsələni qabartması boşuna deyildi. Həmin dövrlərdə Avropa və digər mərkəzlərdən daxil olan müharibə və münaqişə sifarişlərini Ermənistanda hakimiyyətdə olan qüvvələr böyük canfəşanlıqla həyata keçirirdilər. Keçmiş cəbhə xəttində baş verən təxribatlar məhz həmin sifarişlərin nəticəsi idi. İşin qəribə tərəfi isə ondan ibarət idi ki, müharibəni sifariş verənlər ATƏT-in Minsk qrupu adı altında birləşib prosesin həllinə mane olurdular. Amma Azərbaycan Prezidenti bu vəziyyəti dəyişdi. Vətən müharibəsində qazanılan Qələbədən sonra regionun gələcəyini tamamilə dəyişə biləcək sülh sifarişini ortaya qoydu. Bununla Ermənistan hakimiyyətinə və xalqına seçim etmək imkanı verildi. Bu zaman həmin regionda müharibədən bəhrələnən qüvvələrin gözləmədiyi hadisə baş verdi. İrəvan Bakının sülh sifarişinə müsbət cavab verməklə onları müharibəyə sövq edənlərə yox dedi.
Bununla regionda yeni dövr başladı. İndi iki ölkə liderləri vasitəçilər olmadan müzakirələr aparır, ticarət, əməkdaşlıq barədə fikirlər səsləndirirlər. Böyük şirkətlər investisiya yatırmaq üçün regiona səfərlər edirlər. Rahatlıqla deyə bilərik ki, indi regionda bütün sifarişləri Azərbaycan verir. Mərkəzində sülhün dayandığı bu sifarişlər isə regionu inkişafa aparır”, - deyə Araz Balayev vurğulayıb.