Naxçıvanda gənclərin Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü - FOTOLAR
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yürüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər, o cümlədən tələbələr, kursantlar, məktəblilər, idmançılar, gənclər təşkilatlarının üzvləri və ictimaiyyət nümayəndələri olmaqla, ümumilikdə 500-ə yaxın iştirakçı yer alıb.
Yürüş iştirakçıları Azərbaycan bayraqları və vətənpərvərlik məzmunlu plakatlarla Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanından Zəfər Parkına doğru yürüş ediblər. Hərbi orkestrin ifa etdiyi marşların müşayiəti isə yürüşə xüsusi coşqu və vətənpərvərlik ab-havası qatıb.
Yürüşün yekununda iştirakçılar Zəfər abidəsinin önündə toplaşıblar. Burada Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muxtar respublikanın gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Ordumuzun şücaəti və xalqımızın milli həmrəyliyi nəticəsində ərazi bütövlüyümüz, dövlət suverenliyimiz tam bərpa olunub. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi potensialının güclənməsi, müxtəlif sahələrdə əldə olunan uğurlar ölkəmizin davamlı inkişafına və gələcəyinə inamı daha da artırır. Əldə edilən nailiyyətlər qarşıdakı dövrdə daha böyük hədəflər üçün möhkəm zəmin yaradır.
Məcid Seyidov yürüşün mənəvi əhəmiyyətindən danışaraq iştirakçılara təşəkkürünü bildirib, onların Vətənə, dövlətə və cəmiyyətə faydalı olmaq istiqamətində fəallığının təqdirəlayiq olduğunu vurğulayıb. Bildirilib ki, gənclərin belə təşəbbüslərdə fəal iştirakı dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, gənclərin həmrəyliyi və ictimai fəallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra yürüş iştirakçısı Elgiz Süleymanov bu yürüşdə iştirak etməkdən qürur duyduğunu bildirib, gənclərin Vətən qarşısında məsuliyyətindən, Zəfər tarixinin yaşadılması və gələcək nəsillərə çatdırılmasında onların üzərinə düşən vəzifələrdən danışıb.
Tədbir çərçivəsində gənc rəssamların yaradıcılıq işlərindən ibarət sərgiyə baxış keçirilib.
Müxbir - Nail Əsgərov