Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüş keçirib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasında bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Vüqar Süleymanov Çinə Azərbaycanın minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə və texniki dəstəyə görə təşəkkürünü bildirib. Səfir Çinin Azərbaycana bu sahədə göstərdiyi dəstəyin ölkələrimiz arasında humanitar əməkdaşlığın və həmrəyliyin mühüm göstəricisi olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.