Azərbaycan iqtisadiyyatı haqqında akademik məlumat ABŞ-də beynəlxalq auditoriyaya təqdim edilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının dosenti iqtisad üzrə fəlsəfə doktoru Elşən Orucov ABŞ-nin İndiana Uesliyan Universitetinin dəvəti ilə ABŞ-də akademik səfərdə olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər Azərbaycan iqtisadiyyatı haqqında akademik və praktiki məlumatların beynəlxalq auditoriya ilə paylaşılması və Azərbaycan - ABŞ akademik əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edib.
Elşən Orucov səfər çərçivəsində universitetin biznesin təşkili və idarə edilməsi ixtisasının tələbələrinə “Qlobal biznes perspektivi: Azərbaycan” mövzusunda mühazirə təqdim edib. Biznes və Liderlik üzrə Maksvell Mərkəzində təşkil olunan mühazirədə Azərbaycanın mövcud iqtisadi vəziyyəti, biznes mühitinin PESTEL analizi, xarici investorlar üçün mövcud imkanlar və ölkənin qlobal iqtisadi sistemdə mövqeyi barədə məlumat verilib. Elşən Orucov tələbələrə Azərbaycanın investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi, enerji və qeyri-neft sektoru, regional və beynəlxalq iqtisadi əlaqələrindən də bəhs edib. Dərsdə, həmçinin tələbələrin Azərbaycan və ölkənin biznes mühiti ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.