BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev şəhid ailələrinin üzvləri - biznesin təşkili və idarə edilməsi ixtisasının tələbəsi Aysu Əmrahova və beynəlxalq ticarət və logistika ixtisasının tələbəsi Nicat Mikayılovla görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə tələbələri BMU-ya qəbul olunmaları münasibətilə təbrik edən rektor onların təhsil və gələcək inkişafının universitet üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Yaqub Piriyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının xalqımızın tarixində mühüm hadisə olduğunu qeyd edib. Bildirib ki, bu Zəfərin əldə olunmasında şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq mühüm rol oynayıb. Şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların ailələrinə diqqət və qayğı göstərilməsinin hər kəsin mənəvi borcu olduğunu vurğulayıb.
Rektor şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Yaqub Piriyev bildirib ki, BMU-da şəhid ailələrinin üzvü olan tələbələrə hərtərəfli dəstək göstərilməsi diqqətdə saxlanılır. Universitet onların keyfiyyətli təhsil alması ilə yanaşı, fərdi inkişafının, sosial rifahının və gələcək karyera imkanlarının dəstəklənməsinə də önəm verir.
Görüş zamanı tələbələrin təhsili və universitet həyatında qarşılaşdıqları məsələlərlə maraqlanan rektor onların fikir və təkliflərini dinləyib. Tələbələrin qarşılaşa biləcəkləri sosial və digər məsələlərin operativ həlli, həmçinin universitetdə həyata keçirilən layihə və təşəbbüslərə daha fəal cəlb olunmaları ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Aysu Əmrahova və Nicat Mikayılov Vətən müharibəsində şəhid olan hərbçilərin övladlarıdır.