“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə yeni tədris ilinə start verilib
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Gürcüstanda fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə yeni tədris ilinin başlanması münasibətilə rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yerli sakinlər, valideynlər, müəllimlər və təhsil sahəsinə maraq göstərən qonaqlar iştirak ediblər. Mərkəzin direktoru Çiçək Hüseynova qurumun yaradılma məqsədi, fəaliyyət istiqamətləri və gələcək planları barədə məlumat verib. Qeyd edib ki, mərkəzin əsas məqsədi Qardabani və ətraf kəndlərdə yaşayan uşaqların və gənclərin keyfiyyətli təhsilə çıxış imkanlarını artırmaq, onların akademik bilik və bacarıqlarının inkişafına dəstək olmaq, eyni zamanda, cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.
Onun sözlərinə görə, mərkəz bundan sonra da fəaliyyətini genişləndirərək müxtəlif təhsil proqramları və layihələr həyata keçirəcək. Yeni tədris ilindən etibarən dərs və kurslara rəsmi olaraq start verilib, qeydiyyat davam edir.
Bildirilib ki, hazırda mərkəzdə gürcü dili, ingilis dili, Azərbaycan dili, riyaziyyat, ibtidai sinif hazırlığı və məktəbəqədər hazırlıq proqramları üzrə kurslar fəaliyyət göstərir. Tədris proqramları həm Azərbaycan, həm də gürcü sektoru üzrə təşkil olunur. Dərslər şagirdlərin yaş xüsusiyyətləri və bilik səviyyələri nəzərə alınmaqla peşəkar müəllimlər tərəfindən aparılır.
Valideynlər belə bir təhsil mərkəzinin Qardabanidə fəaliyyətə başlamasını uşaqların inkişafı və gələcək uğurları üçün mühüm addım kimi qiymətləndiriblər.
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi” gələcəkdə də müxtəlif təlimlər, maarifləndirici tədbirlər və inkişaf proqramları təşkil etməyi planlaşdırır.