Diplomatların Qarabağa səfərinə təzyiq cəhdləri sülh prosesinə ziddir ŞƏRH
Bakı, 17 sentyabr, AZƏRTAC
Son günlər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına diplomatik korpusun səfəri ətrafında Ermənistandan verilən reaksiyalar, təşkil edilən informasiya hücumları və təzyiq cəhdləri diqqət çəkir. Ermənistanda ayrı-ayrı siyasətçilərin, ictimai təşkilatların və media resurslarının diplomatik nümayəndələrə qarşı sərt mövqe nümayiş etdirməsi isə ayrıca müzakirə mövzusuna çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, xarici diplomatların hansı əraziyə səfər edib-etməməsi ilə bağlı təzyiq xarakterli çağırışların səsləndirilməsi, hətta diplomatik cavab və nota tələb olunması bu reaksiyanın sadəcə fikir ifadəsi həddinin aşdığını göstərir.
“Bəs görəsən diplomatların Qarabağ səfəri niyə Ermənistanı belə narahat edir? Əslində, burada fundamental məsələ kifayət qədər aydındır: söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən gedir. Azərbaycan dövləti öz ərazisində bərpa-quruculuq işləri aparmaq, xarici diplomatları həmin ərazilərə dəvət etmək, onlara mövcud reallıqları yerində göstərmək hüququna malikdir. Diplomatik nümayəndələrin belə səfərlərdə iştirak etməsi də onların öz qərarıdır. Bu səfəri Ermənistanın daxili siyasi müzakirəsinə çevirmək üçün hüquqi əsas görmək qeyri-mümkün olmaqla yanaşı gülüncdür.
Daha mühüm məqam isə səfərin özündən daha çox ona verilən reaksiyanın mahiyyətidir. Azərbaycan və Ermənistan arasında sülh və normallaşma istiqamətində prosesin getdiyi bir vaxtda xarici diplomatların Azərbaycanda təşkil olunan səfərdə iştirakına görə hədəfə alınması qarşılıqlı etimadın formalaşdırılması baxımından ziddiyyətli görüntü yaradır. Burada başqa bir sual da meydana çıxır: əgər məqsəd Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdırsa, niyə xarici diplomatların Qarabağdakı real vəziyyəti yerində tanış olması problem kimi təqdim olunur?", - deyə siyasi şərhçi vurğulayıb.
Ə.Abbasbəyli bildirib ki, diplomatiyanın əsas prinsiplərindən biri hadisələri yalnız bir tərəfin təqdim etdiyi məlumat əsasında deyil, mümkün qədər birbaşa müşahidə etmək və müxtəlif mənbələrdən məlumat almaqdır. Bu baxımdan da Azərbaycanın xarici diplomatları Qarabağa dəvət etməsi yalnız protokol xarakterli tədbir kimi qiymətləndirilməməlidir. Bu, həm də beynəlxalq ictimaiyyətə bölgədə baş verən dəyişiklikləri birbaşa nümayiş etdirmək vasitəsidir. Səfərin proqramında Şuşa, Xankəndi, Ağdərə, Kəlbəcər və digər ərazilərin yer alması, həmçinin tarixi və dini irs nümunələrinin göstərilməsi də bu məqsədlə bağlı olub.
Siyasi şərhçi qeyd edib ki, təhlillər bu təşkilatlanmış kampaniyanın arxasında kifayət qədər səlahiyyəti və resursları olan qüvvələr dayandığını göstərir. İctimai fəalları və medianı qızışdıraraq prosesi idarə edən bu qüvvələr bununla Ermənistan daxili auditoriyanı manipulyasiya etməyə və beynəlxalq ictimaiyyətə təzyiq göstərməyə çalışır.
"Əslində isə məsələnin başqa bir tərəfi, necə deyərlər "aysberqin görünməyən hissəsi" də var. Sülh prosesinin davam etdiyi bir şəraitdə, diplomatlara təzyiq göstərilməsi, onların Azərbaycanın hüdudları çərçivəsində səfərlərinə görə ittiham olunması və müəyyən siyasi mövqeyə məcbur edilməyə çalışılması, ciddi suallar doğurur, regionda qarşılıqlı etimadın formalaşmasına zərbə vurur. Bu cür davranışlar keçmiş münaqişənin siyasi və ictimai şüurda hələ də tam başa çatmadığını göstərən siqnallar kimi qəbul edilə bilər. Rəsmi İrəvan anlamalıdır ki, Ermənistanda bu cür təxribatçı və qeyri-konstruktiv addımlar Azərbaycanın azad edilmiş ərazilərdə apardığı quruculuq işlərinə və beynəlxalq diplomatik uğurlarına mane ola bilməz. Əksinə, bu davranışlar Ermənistanın beynəlxalq aləmdə etibarsız tərəfdaş imicini daha da möhkəmləndirir. Bu addımlar Ermənistan cəmiyyətində və siyasi elitasında hələ də dərin kök salmış revanşist təfəkkürün növbəti təzahürüdür. Bu və buna bənzər məsələlərdə Azərbaycanın mövqeyi kifayət qədər aydındır. Azərbaycan öz ərazi hüdudları çərçivəsində, o cümlədən Qarabağda həyata keçirdiyi bütün fəaliyyətlər, tikinti-quruculuq işləri, beynəlxalq nümayəndələrin səfərləri və tarixi-mədəni irsin təqdimatı kimi məsələlərdə israrlıdır və bu proses davamlı olacaq. Bu məsələdə hansısa ölkənin daxili siyasi dairələrinin fikir və mövqeləri tamamilə əhəmiyyətsizdi", - deyə Ə.Abbasbəyli diqqətə çatdırıb.