Qazaxın kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
Qazax, 16 sentyabr, AZƏRTAC
Qazaxda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış olub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri və Kənd Təsərrüfatı Nazirliyində Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri rayon ərazisində fəaliyyət göstərən aqroparka, iri fermer təsərrüfatlarına, soyuducu anbarlara, istixanalara və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.
Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir. Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi və istehsal həcminin artırılması istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib. Sahibkarların, təsərrüfat sahiblərinin, fermerlərin təklifləri, müraciətləri dinlənilib.
Müxbir - Ruslan Novruzoğlu