Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir
Bakı, 16 sentyabr, AZƏRTAC
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni revanşist qüvvələri arasında ciddi narahatlıq doğuraraq, sülh prosesinin gedişatına maneə törədə biləcək reaksiyaların səsləndirilməsinə səbəb olub. Lakin qarşı tərəf artıq regionda yeni siyasi reallıqlarla barışmalı və siyasi dialoqun gücləndirilməsində səylərini artırmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. Deputat qeyd edib ki, qarşı tərəfin xarici diplomatik korpus mənsublarına yönəlik ziddiyyətli açıqlamaları birmənalı qarşılana bilməz. Çünki 44 günlük Vətən müharibəmizdə şanlı Zəfərimizdən sonra biz öz torpaqlarımıza geri qayıtdıq və tarixi ədalət bərpa olundu. Bu açıqlamalar isə heç bir məntiqə sığmır və ölkəmizin daxili işlərinə qarışmaq kimi səslənir.
Deputat bildirib ki, illərdir qədim torpaqlarımızda mədəni-tarixi irsin saxtalaşdırılmasına cəhdlər edilir: “Gəncəsər və Xudavəng monastırlarının erməni tarixinin bir parçası olaraq qələmə vermək kimi erməni tarixinə zidd fikirlər səsləndirilir. Burada digər diqqətçəkən məqam isə Azərbaycan xalqına yönəlmiş rasist yanaşmadır. Məlum olduğu kimi, bu gün dünya tarixi mənbələrində Qafqaz Albaniyası Azərbaycanın tarixi irsi olaraq öyrənilir. Lakin təəssüflər olsun ki, bu kimi manipulyativ yanaşmalar bütünlükdə mədəni irsimizin inkarına və irqçiliyə yönəlib”.
S.Məmmədov vurğulayıb ki, artıq Cənubi Qafqaz yeni siyasi mərhələyə qədəm qoyub və bunun əsasında birgə əməkdaşlıq və sülh dayanıb: “Öz növbəsində Ermənistan tərəfi də bu mərhələyə uyğunlaşmalı və regiondakı reallıqlarla barışmalıdır. Bizim isə mövqeyimiz hər zaman birmənalı olub. Beynəlxalq arenalarda daim sülh prosesini dəstəklədiyimizi bildirsək də, qarşı tərəfin bu kimi açıqlamaları danışıqlar masasına oturmaqdan imtina etmələri kimi qiymətləndirilir”.
Müxbir - Tünzalə Arazlı