BOEMDA: Azərbaycanda bərpaolunan enerjiyə investisiya yatıran şirkətlərin coğrafiyası genişlənir
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanda bərpaolunan enerjiyə investisiya yatıran şirkətlərin coğrafiyası daima genişlənir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev jurnalislərə açıqlamasında deyib.
O bildirib ki, əvvəlki layihələrdə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan investorlar iştirak edirdisə, “Qobustan” Günəş Elektrik Stansiyasının (GES) Çin şirkəti tərəfindən inşa edilməsi ölkəyə yeni investorların cəlb olunduğunu göstərir.
“Qobustan” GES-in tikintisinə Çin şirkəti tərəfindən 54 milyon dollardan çox investisiya yatırılıb. 100 meqavat gücündə olan stansiyanın investoru hərracın nəticələrinə əsasən seçilib. Çinin “Universal International Holdings Limited” şirkəti hərracın qalibi olub. Müqavilələrin hazırlanması və imzalanmasından, tikintiyə başlanılmasından sonra stansiya 300 gün ərzində inşa edilib. Layihənin həyata keçirilməsində Asiya İnkişaf Bankı hərracın təşkili və texniki məsələlər üzrə dəstək göstərib”,- deyə o qeyd edib.
C.Abdullayev Azərbaycanda formalaşmış investisiya mühitinin xarici investorlar üçün cəlbedici olduğunu bildirib.
Videooperator – Ceyhun Mustafayev