Rəhim Bayramlı: “Baku ID” regionun ən böyük innovasiya və startap tədbirlərindən biridir
Bakı, 17 sentyabr, AZƏRTAC
“Baku ID” artıq beşinci dəfə keçirilir və regionun ən böyük innovasiya və startap tədbirlərindən birinə çevrilib. Tədbirin əsas məqsədi Azərbaycanda və regionda fəaliyyət göstərən startaplar üçün vahid platforma yaratmaq, onların beynəlxalq investorlarla əlaqələr qurmasına və sərmayə cəlb etməsinə dəstək göstərməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında SABAH.HUB şirkətinin baş icraçı direktoru Rəhim Bayramlı deyib. Onun sözlərinə görə, builki tədbir miqyasına görə əvvəlkilərdən fərqlənir. İlk dəfə “Baku ID”də 50-dən çox beynəlxalq və regional vençur fondu iştirak edir. Tədbir çərçivəsində 60 startap öz layihələrini investorlar qarşısında təqdim edir. Onlardan 45-i xarici, 15-i isə yerli startapdır.
R.Bayramlı bildirib ki, builki “Baku ID” tədbiri SABAH.HUB layihəsinin birinci fazasının başlanması baxımından da xüsusi əhəmiyyət daşıyır.
“SABAH.HUB Azərbaycanda Elm və Təhsil Nazirliyi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihədir. Bu, Azərbaycanda belə böyük miqyasda reallaşdırılan ilk layihələrdən biridir. Layihənin əsas məqsədi Azərbaycan və regionun startap ekosisteminin əsas iştirakçılarını – ali təhsil müəssisələrini, tədqiqat institutlarını, startapları, investisiya şirkətlərini, dövlət qurumlarını və texnologiya şirkətlərini bir araya gətirməkdir”, – deyə baş icraçı direktor qeyd edib.