Cavid Abdullayev: Azərbaycanda sənaye miqyaslı GES-lərdə ən güclü Günəş panelləri “Qobustan”da quraşdırılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
“Qobustan” Günəş Elektrik Stansiyasının (GES) illik elektrik enerji istehsalının 200 milyon kilovat-saata yaxın olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 100 meqavat gücündə dəyişən cərəyan qoyuluş gücünə malik stansiyanın istismara verilməsi ilə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək.
“Bununla yanaşı, stansiyanın fəaliyyəti nəticəsində illik 97 min ton karbon emissiyasının qarşısının alınması nəzərdə tutulur. Qobustan GES-də Çinin “LONGi Green Energy Technology Co., Ltd.” şirkətinin istehsalı olan, 710 vatt gücündə Günəş panelləri quraşdırılıb. Bu panellər hazırda Azərbaycanda sənaye miqyaslı Günəş elektrik stansiyalarında istifadə olunan ən yüksək güclü panellərdir”, - deyə Cavid Abdullayev vurğulayıb.
Stansiyanın Azərbaycan elektrik şəbəkəsinə qoşulması ilə ölkədə su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 2170 meqavata çatıb. Bu, Azərbaycanda mövcud ümumi qoyuluş gücünün 21,5 faizinin bərpaolunan enerji mənbələrinin payına düşməsi deməkdir.
Videooperator – Ceyhun Mustafayev