Şuşanın Türk-İslam şəhərçilik ənənələrindəki rolu Andican Forumunda təqdim olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Özbəkistanın Andican şəhərində Türk dünyasının müxtəlif universitetlərinin əməkdaşlığı ilə Andican Forumu keçirilir. Şəhərlər, şəhər kimliyi, şəhərçilik və şəhərlərin idarə olunması məsələlərinin əsas gündəmi təşkil etdiyi forumda tarix, memarlıq, şəhərsalma, mədəni irs və müasir şəhər idarəçiliyinə dair müxtəlif məruzələr dinlənilir.
AZƏRTAC-a xəbər verir ki, forumun açılış panelində Türk-İslam araşdırmaları mərkəzinin sədri Telman Nüsrətoğlu “Şuşanın Türk-İslam memarlıq irsi və mövcud durum” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Şuşanın inşa prosesi, Qarabağ xanlığı dövründə inkişafı, eləcə də Türk-İslam şəhərçilik ənənələrində tutduğu yer ətraflı təhlil olunub.
Məruzədə Ermənistanın işğalı dövründə Şuşanın Türk-İslam mədəni irsinə qarşı həyata keçirilən dağıntılar, tarixi və dini abidələrin zədələnməsi və məhv edilməsi, şəhərin tarixi-mədəni simasına müdaxilələr barədə də məlumat verilib. Bildirilib ki, Şuşanın işğaldan azad edilməsindən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri şəhərin yalnız fiziki baxımdan yenilənməsinə deyil, onun tarixi, milli və Türk-İslam şəhər kimliyinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.