İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal edilən “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində AQTA tərəfindən məhsul partiyasından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində yodun miqdarının normadan aşağı olduğu müəyyən edilib.
Bununla əlaqədar, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, ümumi çəkisi 22,6 kiloqram istehlaka yararsız məhsul məhv edilib.