Nigar Arpadarai: Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması üçün sistemli siyasət aparılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Son günlər diplomatların Qarabağa səfərindən sonra Ermənistanda başlayan isteriyaya münasibətdə qısa mövqeyimi bildirmək istəyirəm. Bu mövzuda bəyanatla çıxış edən Ermənistan parlamentinin spikeri Ruben Rubinyan və digər şəxslərə xatırlatma: bugünkü Ermənistan ərazisində əsrlər boyu azərbaycanlılar yaşayıb, yaşadıqları şəhərlərin, kəndlərin və məhəllələrin formalaşmasında iştirak edib, zəngin mədəni irs yaradıblar. İrəvanda, Zəngəzurda və digər ərazilərdə Azərbaycan xalqının yaratdığı mədəni irs bu torpaqların tarixinin ayrılmaz hissəsidir. Bu tarixi reallığı heç bir siyasi bəyanatla dəyişmək mümkün deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai səsləndirib.
“İllər ərzində bu irs nəinki dağıdılıb, onun izlərinin silinməsi üçün sistemli siyasət aparılıb. Məscidlər, qəbiristanlıqlar, yaşayış məhəllələri və digər tarixi-mədəni izlər zamanla ya məhv edilib, ya da öz kimliyindən uzaqlaşdırılıb.
Bu gün Ermənistan ərazisində Azərbaycan irsindən söz açmaq istəməyənlərin ilk növbədə öz ərazilərində bu irsə nə baş verdiyi barədə danışmaları daha doğru olardı.
İrəvandakı Göy məscid bunun ən bariz nümunələrindən biridir. Bu məscid XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilmiş tarixi abidədir. Bu gün isə Ermənistanın rəsmi mənbələrində belə, “fars məscidi” kimi təqdim olunur.
Bu fonda Ermənistan tərəfindən Azərbaycan ərazisində mövcud olan xristian irsi ilə bağlı ittihamların səsləndirilməsi sadəcə gülüncdür. Daha dəqiq desəm, bu, riyakarlıqdır”, - deyə Nigar Arpadarai diqqətə çatdırıb.
Deputat qeyd edib, əgər söhbət mədəni irsin qorunmasından gedirsə, Ermənistan tərəfi bu sualı özünə verməlidir: “Azərbaycan öz ərazisində olan mədəni və dini irsi qoruyur. Azərbaycan ərazisində yerləşən məscidlər, kilsələr, monastırlar, sinaqoqlar və digər dini abidələr bizim üçün tarixi irsin bir hissəsidir və qorunmalıdır. Bu, bizim prinsipial yanaşmamızdır.
Amma Ermənistan tərəfi Azərbaycan ərazisindəki hər bir xristian abidəsi ilə bağlı danışmazdan əvvəl öz ərazisində Azərbaycan xalqının mədəni irsinin taleyinə baxmalıdır. Tarixi silməklə tarix dəyişmir. Abidələrin adını dəyişməklə onların keçmişini dəyişmək mümkün deyil.
Ermənistan rəsmilərinə tövsiyəm sadədir: Azərbaycan ərazisindəki irs barədə narahatlıq ifadə etməzdən əvvəl Ermənistan ərazisində Azərbaycan irsindən nə qaldığına baxsınlar”.
Müxbir - Pərvanə Qafarova