Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Bakı, 16 sentyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.