Bakı regionun infrastruktur, enerji və logistika baxımından qarşılıqlı bağlantısını formalaşdırır ŞƏRH
Bakı, 16 sentyabr, AZƏRTAC
Cənubi Qafqazın Mərkəzi Asiya ilə Avropa arasında strateji mərkəzə çevrilməsi üçün kifayət qədər ciddi perspektivləri var və burada Azərbaycan, həqiqətən də, mühüm rol oynayır. Azərbaycanın əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə müəyyənləşmir. Bakı, eyni zamanda, regionun infrastruktur, enerji və logistika baxımından qarşılıqlı bağlantısını ardıcıl şəkildə formalaşdırır.
Bu fikirləri beynəlxalq münasibətlər və beynəlxalq hüquq üzrə ekspert, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl AZƏRTAC-a şərhində deyib.
“Burada Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz tədricən alternativ nəqliyyat marşrutundan yeni Avrasiya logistika arxitekturasının mühüm hissəsinə çevrilir. Azərbaycan Xəzəri Qafqazla, daha sonra isə Türkiyə və Avropa bazarları ilə birləşdirir, eyni zamanda, liman, dəmir yolu və enerji infrastrukturunu inkişaf etdirir. Lakin regionun tamhüquqlu strateji mərkəzə çevrilməsi yalnız infrastrukturdan asılı deyil. Bunun üçün siyasi sabitlik, nəqliyyat marşrutlarının təhlükəsizliyi, region ölkələri arasında koordinasiya və uzunmüddətli investisiyalar zəruridir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması da daha geniş əhəmiyyət kəsb edə və Mərkəzi Asiya, Qafqaz və Avropa arasında əlavə kommunikasiya imkanları aça bilər”, – deyə ekspert izah verib.
Toğrul İsmayıl Azərbaycanın yalnız tranzit potensialından deyil, Avrasiyada yeni qarşılıqlı bağlantı məkanının formalaşmasından bəhs edib: “Azərbaycanın strateji əhəmiyyəti də məhz bundan ibarətdir. Azərbaycan tədricən yüklərin daşındığı marşrut olmaqla kifayətlənmir, Mərkəzi Asiyanın, Qafqazın və Avropanın enerji, nəqliyyat və iqtisadi sistemlərini birləşdirən qovşaqlardan birinə çevrilir”.
Müəllif – Leyla Muradzadə