BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz
Bakı, 16 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Bakı Dövlət Universiteti və BDU-da fəaliyyət göstərən “YENİ Klub”un təşkilatçılığı ilə tələbələrlə “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda görüş keçirilib. Görüşün qonağı YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
“YENİ Klub”un sədri Asif Əliyev qeyd edib ki, Azərbaycan xalqının ən böyük milli sərvətlərindən biri suveren dövlətə sahib olmasıdır. 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib. Lakin Zəfər yolu 2020-ci illə yekunlaşmayıb və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək istiqamətində qətiyyətli addımlarını davam etdirib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycanın müasir tarixində Zəfər, suverenlik və Böyük Qayıdış bir-birini tamamlayan böyük tarixi mərhələlərdir. Bu tarixi yolun təməlində xalqımızın milli iradəsi, dövlətimizin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq torpaqlarımızın işğalına son qoyulması istiqamətində həlledici nəticələr əldə edib. Şuşanın azad olunması ilə Zəfərimizin ən parlaq səhifələrindən biri yazılıb və xalqımızın milli qüruru daha da yüksəlib. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin edib. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu mühüm tarixi hadisəyə verilən yüksək siyasi və mənəvi qiymətin ifadəsidir.
YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov qeyd edib ki, suveren Azərbaycan anlayışı xalqımızın milli iradəsini, dövlətçilik qürurunu və tarixi Zəfərini özündə birləşdirən böyük məna daşıyır. Bu gün ölkəmizin bütün ərazisində Azərbaycan Bayrağının dalğalanması xalqımızın uzun illər davam edən mübarizəsinin tarixi nəticəsidir. Bu əlamətdar tarix şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin fədakarlığına və Azərbaycan Ordusunun qəhrəmanlığına ehtiramın ifadəsidir. Bu gün Zəfərimizin davamı olaraq Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi geniş vüsət alır. Dövlətin həyata keçirdiyi nəhəng quruculuq layihələri ilə yanaşı, Heydər Əliyev Fondunun fəaliyyəti də azad edilmiş ərazilərin dirçəldilməsində xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə tarixi və dini abidələrin bərpasına göstərilən diqqət Qarabağın mənəvi və mədəni irsinin yenidən canlandırılmasına xidmət edir.
Sonra tələbələrin sualları cavablandırılıb.