Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Siyavuş Novruzov iclasın gündəliyinə 3 məsələnin - 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat, komitənin 2026-cı il payız sessiyası üçün iş planının layihəsi və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil edildiyini bildirib.
2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Regional məsələlər komitəsinin fəaliyyəti barədə məlumat verən S.Novruzov komitənin qarşıdakı payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin profilinə uyğun müzakirələrin təşkili və digər məsələlər öz əksini tapıb.
Gündəlikdə üçüncü məsələ - “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri deyib ki, layihəyə əsasən, Quba rayonunun Timiryazev-Alekseyevka bələdiyyəsinin Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunur.
İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və gündəlikdəki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Müxbir - Günel Türksoy