Borçalının ziyalı qadını – Esmira Ələkbərlinin məktəb, dil və milli yaddaş uğrunda fəaliyyəti
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Bu gün Gürcüstan azərbaycanlıları arasında elə ziyalılar var ki, onların həyat yolu, fəaliyyəti və qazandıqları uğurlar həm nümunə, həm də qürur mənbəyidir. Belə ziyalılardan biri də müəllim, təşkilatçı və fəal ictimaiyyət nümayəndəsi kimi tanınan Esmira Ələkbərlidir.
AZƏRTAC-ın xüsusi müxbiri Esmira Ələkbərlinin ömür yolunu və fəaliyyətini araşdırıb.
Marneuli rayonunun Ağməmmədli kəndində dünyaya gələn Esmira Ələkbərli hələ məktəb illərindən fəallığı və əlaçı şagird olması ilə seçilib, rayonun müxtəlif təhsil layihələrində yaxından iştirak edib. Onun Ağməmmədli orta məktəbində yaratdığı “Təbriz” radio-jurnalı 1990-cı illərdə şagird və valideynlər arasında böyük maraq doğurub.
Keçid dövrünün çətinliklərinə baxmayaraq, o, arzularının ardınca gedərək təhsilini Bakı Dövlət Universitetində davam etdirib. 30 il Bakıda yaşayan Esmira Ələkbərli əvvəlcə tibbi-bioloji sahədə çalışıb. Ailə vəziyyəti ilə əlaqədar sonradan orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Məhz bu dövrdə müəllimlik peşəsində özünü daha faydalı hiss etdiyini anlayıb.
Pandemiyadan bir qədər əvvəl ailəsi ilə birlikdə Gürcüstana qayıdan Esmira xanım fəaliyyətini Borçalıda davam etdirmək qərarına gəlib. Onun bu qərarı “Məndən Bakıda çoxdur, burada isə azdır, lazım olan yerdə olmalıyam” düşüncəsi ilə ifadə etdiyi diqqətçəkən bir həyat prinsipinə çevrilib. İlk olaraq Qaçağan 2 nömrəli orta məktəbində kimya-biologiya müəllimi kimi fəaliyyətə başlayan Esmira Ələkbərli qısa müddətdə təhsil sahəsində yeni təşəbbüslərlə çıxış edib.
Həmin dövrdə Gürcüstandakı azərbaycandilli məktəblər arasında əlaqələrin zəif olduğunu nəzərə alan müəllim sosial şəbəkədə “Gürcüstanda Azərbaycandilli Məktəblər Birliyi” adlı səhifə yaradıb. O, müxtəlif məktəblərlə əlaqələr quraraq hər birindən fəal müəllimləri bir araya gətirib, onların fəaliyyətini işıqlandırmağa başlayıb.
Esmira Ələkbərli məktəblərin məzunları haqqında oçerklər hazırlayaraq rəsmi “Gürcüstan” və “Yeni Yol” qəzetlərində dərc etdirir. Hazırda həmin qəzetlərin ştatdankənar müxbiri kimi də fəaliyyət göstərən müəllim Gürcüstan azərbaycanlılarının seçilən nümayəndələri haqqında yazılar hazırlayır, videoçarxlar çəkir.
Onun təşəbbüsləri bununla məhdudlaşmır. Esmira Ələkbərli əvvəlcə Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstanın Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan inşa müsabiqəsində 9 Aprel və 20 Yanvar hadisələrini əks etdirən essesi ilə ikinci yerə layiq görülüb. Daha sonra çalışdığı məktəblərdə Azərbaycan xalq mahnıları və məşhur filmlərdən səhnələr əsasında müxtəlif layihələr hazırlayıb. Bu təşəbbüslərin sosial şəbəkələrdə geniş paylaşılması azərbaycandilli məktəblər arasında maraqlı bir ənənənin yaranmasına səbəb olub. Artıq məktəblər milli rəqslər, musiqi və müxtəlif ifalardan ibarət tədbirlər keçirir, hazırladıqları materialları paylaşılması üçün Esmira Ələkbərlinin səhifəsinə göndərirlər.
Esmira müəllim isə həmin videoları montaj edərək Gürcüstandakı azərbaycandilli məktəblərin fəaliyyətini daha geniş auditoriyaya təqdim edir.
Gürcüstan nümayəndə heyətinin ADA Universitetinə səfəri zamanı hazırladığı “Bir görüşün manifesti” reportajı, eləcə də 1+4 proqramı çərçivəsində SOCAR-ın və Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilən təhsil layihələrini daim gündəmdə saxlaması onun jurnalist fəaliyyəti ilə müəllimlik missiyasının necə vəhdət təşkil etdiyini göstərir. Müəllimlərin hər iki qurultayı haqqında hazırladığı silsilə reportajlar isə iştirak edə bilməyənləri belə virtual olaraq həmin tədbirlərə cəlb edib.
Esmira Ələkbərlinin hazırladığı səhnəciklər də böyük maraqla qarşılanıb. O, əvvəlcə öz məktəbində “Xoşqədəmin Borçalı səfəri” adlı qısa tamaşa hazırlayıb. Tamaşada ekspert qismində çıxış edən müəllim üç şikayətçinin timsalında mühüm sosial mesajlar verib. Ana dili kitabını itirən şagirdin, nəvələrini qoyub Polşaya gedən valideynlərin, Bakıda qalmaq üçün ailə quran və sərhədlərin bağlı olması səbəbindən doğmaları ilə görüşə bilməyən gənclərin hekayələri tamaşada öz əksini tapıb.
Səhnəcik böyük maraq doğurduğundan Esmira Ələkbərli ikinci dəfə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində real faktlar əsasında “Nəfəs fasiləsi” tamaşasını hazırlayıb.
Zəfər Günü münasibətilə hazırlanan “Zəfərə gedən yol”, eləcə də Zəlimxan Yaqubun həyatının Gürcüstan səhifələrini əks etdirən “Özün basdırdığın ağaca söykən” film-tamaşasında isə Esmira müəllim 47 azərbaycandilli məktəbdən şagirdləri bir araya gətirib.
35 şagird Zəlimxan Yaquba ilham verən Borçalı təbiətini və şairin portretini çəkib. Beş məktəbdən şagirdlər tamaşada iştirak edib, yeddi məktəbdən saz ifa etməyi bacaran şagirdlər isə tamaşa boyu növbə ilə fon musiqisi ifa ediblər.
Marneuli şəhərində Nizami Gəncəvinin büstünün açılışı zamanı da Esmira Ələkbərli üç gün ərzində fəal müəllimlər qrupunun köməyi ilə şagirdləri seçib, ssenari hazırlayıb və onlayn məşqlər keçirərək maraqlı kompozisiya ərsəyə gətirib. Azərbaycan Kəlağayısı Muzeyinin Tbilisidə təşkil etdiyi görüşdə də fəal iştirak edən müəllim tədbirə müəllim və şagirdləri cəlb edib, şagirdlərin ifasında şeir kompozisiyaları hazırlayıb. Bu tamaşalar Marneulidə yerləşən “Azərbaycan Evi”ndə nümayiş etdirilib və geniş əks-səda doğurub. AZƏRTAC, AzTV, İctimai Televiziya və Gürcüstandakı azərbaycandilli media resursları tamaşalar haqqında geniş məlumat yayıblar.
Bu gün Esmira Ələkbərli fəaliyyətinin əsas istiqamətlərindən birini ana dilimizin qorunmasına və azərbaycandilli məktəblərin yaşadılmasına həsr edir. O, bu məqsədlə müxtəlif layihələr həyata keçirir, maraqlı videoçarxlar hazırlayır, məktəblərdə keçirilən tədbir və layihələri xronika şəklində qısa filmlərə çevirərək “Gürcüstanda Azərbaycandilli Məktəblər Birliyi”nin loqosu ilə paylaşır. Onun gördüyü bütün bu işlərin arxasında isə şəxsi təmənna deyil, Borçalıda Azərbaycan məktəbinin, ana dilinin, milli mədəniyyətin və yaddaşın yaşadılmasına olan bağlılıq dayanır.
Bunlar Esmira Ələkbərlinin təmənnasız gördüyü çoxsaylı işlərin yalnız bir hissəsidir.