Sənətşünas: Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə gətirdiyi yeniliklər onun yaradıcılığının müxtəlif istiqamətlərində özünü göstərib. Bəstəkar milli musiqinin peşəkar musiqi ilə vəhdətini yaradaraq sonrakı bəstəkar nəsilləri üçün mühüm məktəb formalaşdırıb. Üzeyir Hacıbəylinin yaradıcılığında musiqi, elm və pedaqoji fəaliyyət bir-biri ilə sıx vəhdət təşkil edir. Bəstəkar “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” kimi əsərləri ilə Azərbaycanda musiqili komediya və operetta janrlarının inkişafına böyük töhfə verib.
Bunu AZƏRTAC-a açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı söyləyib.
O qeyd edib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisində qəzəl-romans janrının da əsasını qoyub. Nizaminin sözlərinə yazdığı “Sənsiz” və “Sevgili canan” romansları bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
“Bəstəkarın elmi fəaliyyəti də Azərbaycan musiqişünaslığının inkişafında mühüm mərhələ təşkil edir. O, uzun illər apardığı tədqiqatların nəticəsi olaraq “Azərbaycan xalq musiqisinin əsasları” əsərini yaradıb. Bu elmi əsər Azərbaycan musiqisinin nəzəri əsaslarının öyrənilməsi baxımından bu gün də mühüm mənbələrdən biri hesab olunur.
Üzeyir Hacıbəyli məktəbinin təsiri sonrakı bəstəkar nəslinin yaradıcılığında da aydın görünür. Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Sultan Hacıbəyov, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ramiz Mustafayev və digər bəstəkarların yaradıcılığında milli musiqi ilə peşəkar bəstəkarlıq ənənələrinin vəhdəti öz əksini tapıb. Ü.Hacıbəylinin yaratdığı ənənələr sonrakı dövrlərdə də inkişaf etdirilib. Fikrət Əmirovun “Şur” simfonik muğamı, eləcə də digər bəstəkarların muğam simfonizmi sahəsində ərsəyə gətirdikləri əsərlər bu məktəbin davamlılığını göstərir.
Onun ən böyük arzularından biri Azərbaycan musiqisinin dünyada təbliği olub. Bu gün bəstəkarlarımızın əsərlərinin dünyanın müxtəlif konsert salonlarında səsləndirilməsi həmin arzunun reallaşmasının göstəricisidir. Bəstəkarın irsinin beynəlxalq səviyyədə təbliğində keçirilən musiqi festivalları və müxtəlif layihələr də mühüm rol oynayır. Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması da onun Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz mövqeyinin sübutudur”, – deyə o əlavə edib.
Azərbaycan musiqişünaslığında Üzeyirşünaslıq istiqamətinin formalaşmasının dahi bəstəkarın irsinin tükənməzliyini göstərdiyini vurğulayan Səadət Təhmirazqızı deyib: “Musiqişünaslar daim Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edərək yeni faktları üzə çıxarır, onun əsərlərinin müxtəlif aspektlərini araşdırırlar. Üzeyir Hacıbəyli öz xalqı və onun mədəniyyəti üçün elə böyük bir sərvət yaradıb ki, o bitib-tükənən deyil. Bizim üzərimizə düşən ən böyük məsuliyyət həmin irsi qorumaq, gələcək nəsillərə çatdırmaq və düzgün şəkildə təbliğ etməkdir”.