Nazir müavini: Türkiyə-Azərbaycan Universiteti ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır
Bakı, 16 sentyabr, AZƏRTAC
Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılması ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov TAU-da Bilik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. O, inkişaf etmiş ölkələrin əsas aparıcı qüvvəsinin məhz universitetlər olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məhz universitetlərdə bizim gələcəyimiz müəyyən olunur. Bu mənada universitetin yaradılması olduqca böyük əhəmiyyət daşıyır.
F.Qurbanov bildirib ki, hazırda bu ali məktəbdə 300-ə yaxın tələbə təhsil alır. Tədris prosesinin təşkilində Türkiyənin üç aparıcı və Azərbaycanın iki böyük universiteti əsas rol oynayacaq. O qeyd edib ki, birgə universitetin yaradılmasında əsas məqsəd təhsildə beynəlxalq inteqrasiyanı təmin etmək, akademik mobilliyi, habelə elm və təhsildə inteqrasiya proseslərini gücləndirməkdir. Bu addım müasir tələblərə cavab verən kadrların yetişdirilməsinə imkan yaradacaq.
Nazir müavini xaricdə təhsil üzrə dövlət proqramlarının göstəricilərini də diqqətə çatdırıb: “2007–2015-ci illər Dövlət Proqramı çərçivəsində 327 gəncimiz Türkiyənin 20 aparıcı universitetində təhsil alıb.
2022–2028-ci illər üçün nəzərdə tutulan və hazırda davam edən Dövlət Proqramı çərçivəsində 197 gəncimiz Türkiyənin 11 aparıcı ali məktəbində bakalavriat və magistratura səviyyələrində təhsillərini davam etdirir”.
Sivilizasiyanın inkişafı və sənaye inqilablarına toxunan F.Qurbanov modern dövrün yeni çağırışlarına hazır olmağın vacibliyini qeyd edib. O, təxminən 10 ildən sonra 5-ci və 6-cı texnoloji sistemlərlə bağlı yeni mərhələnin başlanacağını, bu dövrün konturlarının insansız və robotlaşdırılmış sistemlərlə xarakterizə olunduğunu bildirib. Hazırda dünyada 4 milyondan çox robotun və 600 mindən çox robotlaşdırılmış sistemin mövcud olduğunu deyən nazir müavini TAU-da məhz müasir texnologiyalar və süni intellektyönümlü ixtisaslara üstünlük verilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Sonda F.Qurbanov universitetin tələbə və müəllim heyətinə uğurlar arzulayaraq, burada yetişən kadrların ölkəmizin gələcək inkişafında fəal iştirak edəcəklərinə və gələcək məzunların sevdikləri peşə ilə məşğul olaraq uğur qazanacaqlarına əminliyini ifadə edib.