Mənsum İbrahimov: Milli musiqimizin Qarabağ torpaqlarında yenidən səslənməsi qürurvericidir
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və böyük sənət ənənələrinə malik ölkədir. Bu torpaq dünya miqyasında tanınan böyük bəstəkarlar, ifaçılar və sənətkarlar yetişdirib. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Vaqif Mustafazadə kimi dahilər bunun ən parlaq nümunələridir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
O bildirib ki, Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi bu zəngin irsin qorunması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, dövlətimiz tərəfindən mədəniyyət və incəsənətə göstərilən diqqət və qayğı milli sənət ənənələrinin yaşadılmasına və inkişafına mühüm töhfə verir.
Xalq artistinin sözlərinə görə, bu qayğı özünü işğaldan azad edilmiş ərazilərdə də aydın şəkildə göstərir. Qarabağda bərpa-quruculuq işləri ilə yanaşı, mədəni həyatın yenidən canlandırılması istiqamətində də mühüm addımlar atılır. Yeni mədəniyyət ocaqlarının yaradılması, konsertlərin, festivalların və müxtəlif sənət layihələrinin keçirilməsi Qarabağın mədəni həyatının yenidən formalaşmasına mühüm töhfə verir.
"Bu gün muğamımızın, milli musiqimizin Qarabağ torpaqlarında yenidən səslənməsi qürurvericidir. Bu proses həm milli mədəni irsimizin yaşadılmasına, həm də gələcək nəsillərə ötürülməsinə xidmət edir", - deyə Mənsum İbrahimov qeyd edib.
Müxbir - Gülay Nəzərova