Ağcabədidə fermerlərlə aqrar dəstək mexanizmləri müzakirə edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Ağcabədidə keçirilən Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası çərçivəsində fermer və sahibkarların iştirakı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, paneldə kənd təsərrüfatının inkişafı üzrə dövlət siyasətinin əsas istiqamətləri, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”dan irəli gələn hədəflər, yeni subsidiya mexanizmləri, “Toxumçuluq haqqında” Qanunun əsas müddəaları, aqrar sığorta və fermerlərin maliyyə imkanlarına çıxışı ilə bağlı məsələlər müzakirə olunub.
Bildirilib ki, Dövlət Proqramı kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, intensiv və texnoloji təsərrüfatçılığa keçidin sürətləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, emal və ixracyönümlü istehsalın genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması istiqamətlərini əhatə edir.
Qeyd olunub ki, Aqrar Subsidiya Şurasının yeni qərarı ilə bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrində subsidiya mexanizmləri yenilənib, fermerlər üçün mövcud dəstək şərtlərində dəyişikliklər edilib. Yeni mexanizmlər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təminatının gücləndirilməsinə yönəlib.
Paneldə, həmçinin “Toxumçuluq haqqında” Qanunun əsas müddəaları, toxum istehsalçıları və digər toxumçuluq subyektləri üçün müəyyən edilən tələblər, toxumların sertifikatlaşdırılması, qablaşdırılması, etiketləşdirilməsi və satışına dair qaydalar barədə məlumat verilib. Qeyd olunub ki, yeni qanunvericilik toxumçuluq sahəsində şəffaflığın və keyfiyyətə nəzarətin gücləndirilməsinə, toxum istehsalçılarının qeydiyyatının və sertifikatlaşdırma proseslərinin elektronlaşdırılmasına, fermerlərin keyfiyyətli və sertifikatlı toxuma çıxışının yaxşılaşdırılmasına xidmət edir.
Müzakirələrdə müasir suvarma, lazer hamarlama, texnika və texnoloji avadanlıqlara güzəştlər, bağçılıq və yeni istehsal istiqamətlərinə dövlət dəstəyi kimi yeni imkanların fermerlər üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirin sonunda fermer və sahibkarların ünvanladığı suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə ilə bağlı tövsiyələr verilib.