Hörmüzə alternativ “Petroline” kəmərinin fəaliyyətinin dayandırılması Səudiyyə Ərəbistanının neft ixracı yollarını daraldıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Hörmüz boğazından istifadə etmədən beynəlxalq bazara neft çatdırdığı Şərq-Qərb Boru Kəmərinin (“Petroline”) hücumlardan sonra ehtiyat tədbiri olaraq fəaliyyətinin dayandırılması bu ölkənin ixrac alternativlərini məhdudlaşdırır və neft daşınmalarına lojistik təzyiqi artırır.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər boru kəmərinin fəaliyyətinin uzun müddət dayandırılmasının və Hörmüz boğazında məhdudiyyətlərin davam etməsinin Səudiyyə Ərəbistanının milyonlarla barel neft ixracı qabiliyyətini təhlükə altına qoyacağını bildirirlər.
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2025-ci ilin son rübündə Hörmüz boğazından keçən xam neft və neft məhsullarının həcmi gündəlik orta hesabla 21,6 milyon barel olduğua halda bu göstərici cari ilin ikinci rübündə sutkada 4,9 milyon barelə düşüb. Hesabat dövründə Hörmüz boğazından neft axını təxminən 77 faiz azalıb. Bu da Səudiyyə Ərəbistanı neftini Qırmızı dəniz sahilindəki Yanbu limanına daşıyan Şərq-Qərb Boru Kəmərinin alternativ ixrac marşrutu kimi əhəmiyyətini artırıb. Sentyabrın 10-da hücumlardan sonra boru kəmərinin ehtiyat tədbiri olaraq fəaliyyətinin dayandırılması bu ölkənin beynəlxalq bazarlara neft ixrac marşrutlarına təzyiq yaradıb.
Yanbu limanına boru kəməri ilə nəql edilən Səudiyyə Ərəbistanı nefti daha sonra müxtəlif bazarlara göndərilirdi. Şimala gedən tankerlər Süveyş kanalı və Misirdəki SUMED boru kəməri vasitəsilə Aralıq dənizi və Avropa bazarlarına çatırdı.
Qırmızı dənizin cənubundakı Bab əl-Məndəb boğazı isə Asiyaya daşınmalar üçün çox vacib hesab olunur. EIA-ya görə, Bab əl-Məndəbdən keçən xam neft və neft məhsullarının həcmi 2025-ci ilin son rübündə gündəlik 5,4 milyon barel təşkil edib. Bu ilin ikinci rübündə isə gündəlik 8,1 milyon barelə yüksəlib. Bab əl-Məndəbdəki artım Səudiyyə Ərəbistanı neftinin Hörmüz boğazı əvəzinə Şərq-Qərb boru kəməri vasitəsilə Yanbuya yönləndirilməsi ilə əlaqədardır. Süveyş kanalı və SUMED boru kəməri vasitəsilə isə nəql edilən neftin həcmi ilin ikinci rübündə gündəlik 5,8 milyon barelə çatıb.
Tanker izləmə məlumatları da Hörmüz boğazındakı məhdudiyyətlər səbəbindən Yanbu vasitəsilə daşınmaların artdığını göstərir. “Vortexa” şirkətinin məlumatlarına görə, Yanbuda xam neft və kondensat yüklənməsi avqust ayında gündəlik 3,2 milyon bareldən sentyabrın əvvəlində gündəlik 3,7 milyon barelə yüksəlib.
Lakin Şərq-Qərb boru kəmərinin bağlanması şərqi Səudiyyə Ərəbistanından Yanbuya neft nəqlini məhdudlaşdırır. Süveyş kanalı və SUMED boru kəməri isə “Petroline” kəmərini əvəz edəcək tək alternativ deyil. Bu vəziyyətdə, Səudiyyə Ərəbistanı neftinin beynəlxalq bazarlara çatdırılması üçün Körfəzdəki əsas ixrac terminallarından istifadə etmək və Hörmüz boğazından mümkün qədər çox keçmək seçimi getdikcə populyarlaşır.
Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanı neft sahəsində əməliyyat çevikliyinə malikdir, lakin hazırkı şəraitdə əsas məhdudiyyət getdikcə istehsal gücündən logistika gücünə keçiddir. Şərq-Qərb Boru Kəmərinin gündəlik nəql gücü təxminən 7 milyon bareldir. Bu həcmin təxminən 2 milyon bareli qərb sahilindəki neft emalı zavodlarında və elektrik enerjisi istehsalında istifadə olunur. Nəzəri olaraq ixrac üçün təxminən 5 milyon barel qalır. Boru kəmərinin bağlanması bu həcmi risk altına qoyur. Hörmüz boğazından qismən tranzit davam edərsə və neft kəmərindəki fasilə qısamüddətli olarsa, faktiki təsir məhdud olacaq. Lakin Hörmüz boğazında məhdudiyyətlər davam edərsə və boru kəməri uzun müddət bağlı qalarsa, Səudiyyə Ərəbistanının neft ixracı gündəlik təxminən 3-4 milyon barel faktiki azalma ilə qarşılaşa bilər. Real təsir Hörmüz boğazından nə qədər müddətə daşınmanın davam etdiriləcəyindən asılı olacaq.
Bildirilir ki, Səudiyyə Ərəbistanının Asiya, Aralıq dənizi və Şimal-Qərb Avropadakı ehtiyatları qısa müddətdə müştəri tədarükünü dəstəkləyə bilər. Gəmidən gəmiyə köçürmələr, yüklərin yönləndirilməsi və digər logistik tədbirlər əlavə rahatlıq təmin edə bilər. Lakin bunların əsas ixrac dəhlizi üçün daimi əvəz ola bilməyəcək. Hörmüz boğazında və Bab əl-Məndəbdə təhlükəsizlik riskləri və “Petroline” kəmərinin bağlanması uzun müddət davam edərsə, əsas maneə neftin hasilatın özündən daha çox beynəlxalq bazarlara çıxarılması olacaq. Bir neçə milyon barelin uzun müddətli kəsilməsi neft qiymətlərinə və bazar dəyişkənliyinə yuxarı təzyiqi artıra bilər.
Bundan başqa, “Petrolin” boru kəmərindəki müvəqqəti fasilə Qırmızı dənizdəki ixrac terminallarındakı ehtiyatlar sayəsində bir müddət idarə oluna bilər. Körfəz terminallarından ixracı gündəlik 3 milyon bareldən çoxa çatdırmaq lojistik cəhətdən çətinlik yaradır. Bu vəziyyət milli neft şirkəti “Saudi Aramco”nu məhdud sayda tankerlə Hörmüz boğazından neft daşımaq üçün "servis" metodundan istifadə etməyə məcbur edir. Bu əməliyyatlar üçün mövcud olan tankerlərin sayı da məhduddur. Əməliyyatların miqyasına görə Fuceyra və Sohar sahillərində də lojistik məhdudiyyətlər artıb. “Aramco”nun Şərq-Qərb Boru Kəmərini nisbətən qısa müddətdə daha aşağı tutumla yenidən işə sala biləcəyi bildirilir. Lakin əsas risk hücumların yenidən təkrarlanmasıdır.
Analitiklər qeyd edirlər ki, Yanbu limanı Yaxın şərqdəki münaqişə boyunca “Aramco”nun ən vacib neft ixrac marşrutu olaraq qalıb. Şərq-Qərb Boru Kəməri Hörmüz boğazındakı məhdudiyyətlərə əhəmiyyətli bir alternativdir. Süveyş və SUMED də daxil olmaqla digər variantlar boru kəmərini tamamilə əvəz edə bilməz. Boru kəməri vasitəsilə yeni axınlar təmin edilməsə, Yanbudakı mövcud neft ehtiyatlarının təxminən bir həftə davam edə bilər. Fasilələrin uzanması və ixrac imkanlarının daralması halında Səudiyyə Ərəbistanının hasilatı daha da məhdudlaşdırmaq məcburiyyətində qala bilər. Bundan başqa, Bab əl-Məndəb ətrafında artan təhlükəsizlik riskləri və Hörmüz boğazındakı məhdudiyyətlər fiziki neft bazarındakı gərginliyi daha da artıra bilər.