Balakənin Bedağar kəndində yeni məktəb binası istifadəyə verilib
Balakən, 15 sentyabr, AZƏRTAC
Balakən rayonunun Bedağar kəndində yeni dərs ili həyəcanla başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun müddət istismarda olan və qəzalı vəziyyətə düşən məktəb binasının yerində müasir tələblərə cavab verən yeni təhsil ocağı inşa olunub. 180 şagird yerlik məktəb məhz Bilik Günündə istifadəyə verilib. Şagirdlərin həyəcanı, valideyn və müəllimlərin sevinci bu gün fərqli idi.
Səhər tezdən Bedağar kəndində böyük canlanma hiss olunurdu. 7-dən 70-ə hər kəs yeni məktəbin həyətinə toplaşmışdı. İkimərtəbəli müasir məktəb binasında 3 ildən sonra ilk zəng çalınacaqdı.
Elm və Təhsil Nazirliyinin, Balakən Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, eləcə də rayon üzrə təhsil sektorunun nümayəndələrinin iştirakı ilə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib. Qonaqlar ölkəmizdə, eləcə də Balakəndə təhsil sahəsində baş verən yeniliklərdən bəhs edib, yeni məktəbdə təhsil alacaq şagirdlərə uğurlar diləyiblər.
Sonra Bedağar məktəbinə baxış keçirilib.
Məktəbə ilk qədəm qoyan balacaların gəlişi isə günə xüsusi zövq qatdı. Bu gün balaca Aylin və Elxanın həyatında unudulmaz günlərdəndir. Valideynləri onları ilk dəfə birinci sinfə gətirirlər. Bu gün həm də övladları məktəbə gedən kənd sakinlərinin ən sevincli günlərindən biridir. Balacaları məktəbin girişində sinif müəllimləri qarşılayır.
Məktəb binası təmirdə olduğu müddətdə övladı qonşu kənd məktəbinə gedən sakinlərdən biri də Nuranə Xənmədova idi. Nuranə xanım deyir ki, özü də bu məktəbi bitirib, lakin köhnə, heç bir şəraiti olmayan təhsil ocağında oxuyublar: “Övladlarımız isə bu gündən ən müasir, hər cür şəraitə malik məktəbdə təhsil alacaqlar. Valideyn olaraq bütün sakinlər adından əməyi keçən hər kəsə təşəkkür edirik”.
Ömrünün 40 ilini şagirdlərin yetişməsinə, onların təlim-tərbiyəsinə həsr edən Sevil Ceerçeyeva birinciləri tam fərqli hisslərlə qarşılayır. Çünki Sevil müəllimə kəndə gələn gündən köhnə, qəzalı məktəbdə dərs deyib. Bu gün isə təmir olunmuş məktəbdə balacaları qarşılayır.
“Artıq 40 ildir bu məktəbdə fəaliyyət göstərirəm. İşlədiyimiz bina həqiqətən köhnə idi. Buna baxmayaraq, biz həmişə çalışmışıq ki, yaxşı şagirdlər yetişdirək. Yeni bina tikildiyi üçün 3 il idi ki, başqa məktəbdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurduq. Bu məktəb binasının tikilib ərsəyə gəlməsində əziyyəti olan hər kəsə minnətdarlığımızı bildiririk. İnanırıq ki, şagirdlərimiz bu etimadı layiqincə doğruldacaqlar”, – deyə müəllimə bildirir və sinif lövhəsinə yaxınlaşır.
Məktəbə yeni qədəm qoyan birincilərlə yanaşı, yuxarı sinif şagirdləri də bu günü səbirsizliklə gözləyiblər. 10-cu sinif şagirdi Cəmilə Əliyeva deyir ki, qonşu məktəbə getmək onlar üçün çox çətin olurdu: “Bəzən istidə, bəzən də soyuq və küləkli havada uzun yol gedib-gəlirdik. Bu gün isə hər cür şəraiti olan sinif otaqlarında əyləşmişik”.
Son illərdə respublikada təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi prosesi Balakən rayonunda da ardıcıllıqla həyata keçirilir. Balakən rayon təhsil sektorunun müdiri Mehparə Mirzəyeva bu barədə danışarkən deyib: “Bu gün bütün ölkəmizdə olduğu kimi, Balakən rayonunda da böyük bayramdır, Bilik Gününü qeyd edirik. Rayonumuz üzrə 45 təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda 23 tədris müəssisəsində təmir işləri gedir. Gördüyünüz bu bina üç il ərzində tikilərək uşaqlarımızın istifadəsinə verilib. İnanırıq ki, yeni binaların tikilməsi və təmiri təhsilimizin inkişafına öz töhfəsini verəcək”. M.Mirzəyeva məktəbin müəllim kollektivinə və şagirdlərə uğurlar arzulayıb.
Qeyd edək ki, məktəbdə müasir fənn kabinetləri, laboratoriyalar, hərbi hazırlıq və texnologiya kabinetləri, kitabxana və kompyuter otaqları yaradılıb. Bu da gələcəkdə şagirdlərin təhsildə yüksək nəticələr göstərməsinə zəmin yaradacaq.