Şəki Dövlət Dram Teatrı yeni mövsümə “Ezop” tamaşası ilə başlayıb
Şəki, 15 sentyabr, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında braziliyalı dramaturq Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə teatrın 147-ci mövsümünün açılışı olub.
Teatrın Repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədovanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, səhnə əsərində eramızdan əvvəl VI əsrdə yaşamış əfsanəvi yunan təmsil ustası Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq arzusundan, xəyalları və ömrünün sonunadək azadlıq uğrunda apardığı mübarizədən bəhs olunur.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Elman Rəşidov, bəstəkarı Aleksey Yepifanov, baletmeysteri isə Çingiz Novruzəliyevdir.
Əsas rolları Əməkdar artistlər Əbülfət Salahov və Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Aytac İsmayılzadə və Azad Məmmədov ifa ediblər.
Teatrın yeni mövsümünün açılış mərasimində qonaq qismində dost teatrın – Mingəçevir Dövlət Dram Teatrının bir qrup yaradıcı heyəti də iştirak edib.
Müxbir - Rasim İslamoğlu