“Kibertəhsil və süni intellekt” mövzusunda müzakirə
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) həyata keçirdiyi “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi çərçivəsində “Kibertəhsil və süni intellekt” mövzusunda işgüzar səhər yeməyi formatında şəbəkələşmə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, AKTA-nın icraçı direktoru Rauf Cabarov həyata keçirilən layihənin məqsədləri, əhatə dairəsi və əhəmiyyəti barədə məlumat verib. O, həmçinin AKTA-nın kibertəhsil istiqamətində həyata keçirdiyi tədbirlər və qarşıdakı fəaliyyət planı haqqında danışıb.
AKTA eksperti Lalə Kərimova “İnformatika müəllimlərinin rəqəmsal və informasiya təhlükəsizliyi kompetensiyalarının qiymətləndirilməsi üzrə analitik hesabat”ı təqdim edib.
Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov layihənin təhsil sistemi üçün əhəmiyyətindən danışıb.
AKTA eksperti Cavid Şahmuradov süni intellekt mövzusunda təqdimatla çıxış edərək texnologiyanın təhsil sahəsində yaratdığı imkanlar, onun tədris prosesində tətbiqi və bu prosesdə diqqət yetirilməli məsələlər barədə fikirlərini bölüşüb.
Azərbaycan Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin direktor müavini İsmayıl Sadıqov çıxışında orta məktəblər üçün informatika dərsliklərinin hazırlanması prosesi barədə məlumat verib.
Ekspert Ayan Sadıqova süni intellekt mövzusunda təqdimatla çıxış edib. Süni intellektin təhsil sahəsində tətbiq imkanları, yaratdığı yeni perspektivlər və bu texnologiyadan səmərəli və təhlükəsiz istifadənin əhəmiyyəti barədə fikirlər səsləndirilib. Görüş iştirakçıların qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Tədbirin yekun hissəsində AKTA-nın yeni ekspertlərinin təqdimatı keçirilib və onlar öz fəaliyyətləri barədə qısa məlumat veriblər.