Vergi Xidmətinin əməkdaşı BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib
Bakı, 15 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov BMT-nin Beynəlxalq Vergi Əməkdaşlığı üzrə Ekspertlər Komitəsinin Transfer Qiymətləri üzrə Subkomitəsinə üzv seçilib.
DVX-dən AZƏRTAC-a bildirilib ki, bu seçim Azərbaycanın beynəlxalq vergitutma və transfer qiymətləri sahəsində formalaşmış ekspert potensialına göstərilən beynəlxalq etimadın göstəricisidir. BMT-nin Transfer Qiymətləri üzrə Subkomitəsi, xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaqla, transfer qiymətləri üzrə praktiki rəhbərliyin hazırlanmasına töhfə verən ekspert platformasıdır. Subkomitənin mandatına BMT-nin İnkişaf etməkdə olan ölkələr üçün Transfer Qiymətləri üzrə Praktiki Təlimatının yenilənməsi, müxtəlif sektorlar üzrə transfer qiymətləri metodologiyasının hazırlanması, daimi nümayəndəliklərə aid edilən mənfəətin müəyyənləşdirilməsi məsələləri daxildir.
Qeyd edək ki, Ceyhun İsmayılov, həmçinin OECD/G20-nin Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) üzrə Əhatəli Çərçivənin 25 nəfərdən ibarət ekspert qrupunun üzvüdür. Bu qrupun mandatına 148 ölkənin təmsil olunduğu BEPS layihəsi üzrə əsas strateji istiqamətlərin müəyyənləşdirilməsi və beynəlxalq vergi qaydalarıının hazırlanması daxildir.