Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan üçün Qaxariya" müxalifət partiyasının fəaliyyətinin qadağan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə yeni iddia təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya sentyabrın 15-də keçirdiyi brifinqdə bəyan edib.
İ.Kirtsxaliya bildirib ki, partiya parlamentə daxil olmaq və siyasi proseslərdə iştirak etmək imkanı qazansa da, onun üzvləri konstitusiya quruluşuna hörmətsizlik nümayiş etdirərək destruktiv addımlar atıblar.
Onun sözlərinə görə, iddia çərçivəsində mövcud parlament və şəhər şurası üzvlərinin səlahiyyətlərinə xitam verilməsinin nəzərdə tutulmadığını vurğulayıb.
Çoxluğun lideri deyib ki, hakim partiya müraciətini Gürcüstan Konstitusiyasının iki əsas müddəasının pozulması ilə əsaslandırır.
Bunlardan birincisi Konstitusiya quruluşunun devrilməsi və ya zorakılıqla dəyişdirilməsi cəhdidir. Müxalifət partiyaları insan hüquqlarının pozulmasında və qanunverici organın işini sabotaj etməkdə ittiham olunurlar.
Digər iddia isə dövlət müstəqilliyinə qəsd və ərazi bütövlüyünün pozulmasıdır.
İttihamlar 2008-ci il münaqişəsi hadisələrinə, "ikinci cəbhə" açmaq çağırışlarına və xarici qüvvələrə yardım göstərilməsinə söykənir.
Məhkəmə iddiası təmin ediləcəyi təqdirdə, sözügedən partiyanın siyasi qurum kimi qeydiyyatı ləğv olunacaq, üzvlərinin isə siyasi həyatda iştirakı və dövlət vəzifələri tutması qadağan ediləcək.
Xatırladaq ki, 2025-ci ilin noyabrında “Gürcü Arzusu” analoji iddia ilə “Vahid Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası”, “Güclü Gürcüstan – Lelo” və “Federalistlər” partiyalarına qarşı da məhkəməyə müraciət edib.